Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 12 nəfər şəxs isə həlak olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 66 yaşayış evi, 8 mülki obyekt yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcəkdir.
Rəylər