24 
Dek
2014
12:56
229
28
39434
Virtual karabakh

Azərbaycan Ordusu. Dəyişən və inkişaf edən – FOTOREPORTAJ

24 Dek, 2014
12:56
39434

Azərbaycan Ordusu. Dəyişən və inkişaf edən – FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əsgərlərin yeməkləri və geyimlərində mühüm yeniliklər.

Son vaxtlar Azərbaycan mediasında ən çox müzakirə olunan məsələlərdən biri Azərbaycan ordusunun, daha dəqiqliklə, Azərbaycan əsgərinin nə ilə qidalanması, hansı şəraitdə qalması və nə geyinməsi ilə əlaqədardır.

Təəssüf ki, ölkəmizin maddi imkanlarının məhdud olduğu, müharibə dövrünə təsadüf edən 90-cı illərdən belə bir düşüncə, psixologiya qalıb ki, orduda əsgərlər birmənalı olaraq pis qidalanır, geyim pisdir, yaşam şəraiti barədə isə danışmağa dəyməz.

Keçmiş hərbi qulluqçu kimi bütün bunların belə olmadığını şəxsən bilirdim, belə desək, öz gözlərimə görmüş, verilən yeməkləri dadmış və geyimləri geyinmişdim. Və həmişə hesab edirdim ki, cəmiyyətimizdə ordu ilə bağlı bu stereotipi mütləq şəkildə aradan qaldırmaq, onun aradan qaldırılmasına dəstək olmaq lazımdır.

Azərbaycanın müdafiə naziri vəzifəsinə Zakir Həsənovun təyin olunmasından sonra orduda aparılan islahatları yəqin ki, yalnız düşmənlərimiz görmür. Silah-sursat və sair məsələlərlə bağlı islahatlardan başqa, diqqəti çəkən digər bir yenilik ordunun geyim formasının yenilənməsi, ordunun qidalanma rasionunda köklü dəyişikliklərin edilməsi ilə bağlı əmrlər oldu.

Artıq xeyli müddətdir ki, hərbi hissələrdə milli yeməklərin əsgərlərin qida rasionuna daxil edilməsi prosesi gedir. Bundan başqa, əvvəllər də anonsu verildiyi kimi, Azərbaycan ordusunun geyim formasının dəyişdirilməsi, əsgərlərin yataq şəraitinin yaxşılaşdırılması, yeni çarpayıların tətbiqi üzərində də iş aparılır.

Bütün bu məsələlərlə yaxından, yerində tanış olmaq üçün Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Əvvəlcədən sorğumuzu müsbət cavablandırmış mətbuat xidmətinin əməkdaşlarına təşəkkür etmək istərdim. Beləliklə, MN-dən rəsmi icazə alaraq, Azərbaycan ordusunun ön xəttə yaxın yerləşən N-saylı hərbi hissəsinə istiqamət götürdük.

Hərbi hissəyə səfərimiz Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin əşya və ərzaq xidməti rəislərinin toplantısı ilə üst-üstə düşdü.  Bu gözəl imkandan istifadə edib ordunun hazırkı geyimləri, qida rasionu və bu istiqamətdə görüləcək işlər barədə elə bu sahəyə görə cavabdehlik daşıyan zabitlərimizlə birbaşa danışıb məlumat ala bildik.

Beləliklə, reportajımıza başlayaq.

İlk olaraq, Azərbaycan ordusunun geyim formalarından danışmaq istərdik.

Artıq bir müddətdir ki, ordunun zabit heyəti, əsgərlərinin yeni formaya keçməsi üzərində iş aparılır. Hazırda sınaq mərhələsi tamamlanmaq üzrədir. Bütün işlər başa çatdıqdan sonra ordunun forması daha müasir, kamuflyaj imkanları daha yüksək olan rəqəmsal formaya keçəcək.

Rəqəmsal formanın kamuflyaj imkanları, hazırlanma keyfiyyəti daha yüksəkdir, müxtəlif iqlim şəraitində uğurla sınaqdan çıxarılıb




Azərbaycan ordusunun geyim formaları barədə məlumat verən polkovnik Qurbanovun sözlərinə görə, 2015-ci ildən başlayaraq, əsgərlər xovlu əl-üz dəsmalları ilə təchiz ediləcək.

2015-2016-cı illər ərzində əsgərlərin əvvəlki zeytun rəngli alt paltarları üst geyim formasına uyğun olaraq bej rəngli paltarlarla əvəzlənəcək.

Bundan başqa, orduda istifadə olunan yarıyun adyallar akril adyallarla əvəzlənir.

Yenilik həmçinin əsgər çarpayılarını əhatə edir. Belə ki, yeni tətbiq olunan çarpayılar əvvəlkilərdən fərqli olaraq, daha yüksək keyfiyyətli döşəklərlə və yastıqla təchiz olunub.

Dəyişiklik həmçinin hərbçilərin çəkmələrinə də təsir edəcək.

Belə ki, qarşıdakı illərdə ordunun bütün şəxsi heyəti yeni formalı uzunboğaz botinkalarla təchiz ediləcək. Hazırda Türkiyədən idxal olunan bu botinkaların gələcəkdə Azərbaycanda istehsalı planlaşdırılır.

Əsgərlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən biri də mobil camaşırxana və mobil hamam xidmətlərinin tətbiqidir.

Mobil hamam

Belə ki, mobil hamam Azərbaycanda, Gəncə Avtomobil Zavodunda istehsal olunan “MAZ” markalı yük avtomobilinin bazasında yığılır.

Hamamın imkanları eyni vaxtda 10 əsgərin yuyunmasına imkan verir. 8 saat ərzində bu qurğu vasitəsilə tam bir tabor yuyuna bilər.

Gələcəkdə bu tipli qurğuların sayının artırılması nəzərdə tutulur.

Əlbəttə, səhra şəraitində belə bir mobil hamamların tətbiqinin hansı üstünlüklərə malik olduğunu yəqin ki, hər kəs anlayar. 

Qurğu istənilən su hövzəsi – çaylar, göllərdən, su anbarlarından qidala bilər – suyun təmizlənməsi üçün xüsusi su filtri nəzərdə tutulub.

Tətbiq olunan digər bir yenilik isə mobil camaşırxana xidmətidir.

Belə ki, tam avtomatlaşdırılmış sistem istənilən səhra şəraitində hərbi qulluqçuların geyimlərinin yuyulması, təmiz saxlanmasını təmin edir.

Mobil camaşırxana tam avtonom şəraitdə çalışır. Hələlik qoşqu ilə daşınan bu qurğunun gələcəkdə Gəncə istehsalı olan “MAZ”ların bazasında hazırlanması nəzərdə tutulur.

Azərbaycan ordusunun həyatında tətbiq olunan digər bir yenilik isə mülki şirkətlərlə bağlıdır. Belə ki, nazir Zakir Həsənovun təşəbbüsü ilə mülki şəxslərin orduya cəlb olunması ilə yanaşı, mülki şirkətlərin xidmətlərindən də istifadə olunmağa başlayıb.

Polkovnik Qurbanovun sözlərinə görə, hazırda bir çox hərbi hissələrdə əsgərlərin formalarının yuyulmasını mülki şirkətlər həyata keçirir. Belə ki, həmin şirkət öz yük avtomobili ilə hərbi hissəyə gələrək buradan çirklənmiş geyim formalarını təhvil alır, onları öz müəssisəsində yuyur, qurudur, qablaşdıraraq (hər bir geyim ayrıca paketdə qablaşdırılır) hərbi hissəyə təhvil verir. Beləliklə, əsgərlər, hərbi qulluqçular əsas peşələrindən – hərb sənətini öyrənmək işindən yayınmırlar, bu təsərrüfat işini onlar üçün mülki şirkətlər həyata keçirirlər. Bu isə şübhəsiz ki, hərbi qulluqçuların daha peşəkar hazırlanması işində müsbət rol oynayır.

Lakin bununla yanaşı, hər bir hərbi hissənin ən müasir avadanlıqlarla təchiz olunmuş camaşırxanaları da var.


Paltarların avtomatik ütülənməsi üçün qurğu da var

İndi isə keçək ordunun qida təminatına. 

Bu sahədə bizi məlumatlandıran polkovnik Qurbanovun sözlərinə görə, əsgərlərə verilən ərzaq həftədə 2 dəfədən çox təkrar olunmamalıdır.

Belə ki, əgər bu gün əsgərə düyü sıyığı planlaşdırılsa, axşam həmin ərzaq qəti şəkildə təkrarlana bilməz.

Əsgərlərin qidalanması ilk növbədə həmin hərbi hissənin hərbi hazırlıq planı əsasında aparılmalıdır. Belə ki, əgər hərbi hissənin şəxsi heyəti poliqonda atış hazırlığı keçməlidirsə, o zaman hərbçilərin qidalarının kalorisi daha yüksək olmalıdır.

Əsgərlərimizin qida təminatına həyata keçirilən ən mühüm tədbir isə general-polkovnik Zakir Həsənovun əmri ilə yeməklərin hazırlanması prosesinə mülki şəxslərin, qadınların cəlb olunmasından ibarətdir.

Əvvəllər mətbuatda mülki şəxslərin orduya cəlb edilməsi barədə yazılar çox getsə də, biz ilk dəfə bunu öz gözlərimizlə gördük və əlbəttə ki, fotoşəkillər vasitəsilə oxucularımıza təqdim edirik.


Beləliklə, bu gün ordunun hərbi qulluqçuları üçün yemək mülki şəxslər tərəfindən hazırlanır.

Azərbaycan əsgəri üçün yemək bişirən Azərbaycan anası

Bu, əlbəttə ki, yeməklərin daha dadlı, daha keyfiyyətli olması deməkdir. Əvvəllər bu işlə - yeməklərin bişirilməsi ilə əsgərlərin arasından seçilmiş aşbazlar məşğul olurdu. Yəqin ki, hamı razılaşar ki, 6 aylıq hazırlıq kursu keçmiş əsgər-aşbazın bişirdiyi yeməklə bir qadının, bir ananın hazırladığı yeməyin keyfiyyəti arasında fərq yerlə göy qədər olacaq.

Tətbiq olunan digər bir yenilik isə əsgərlərə milli yeməklərin konservləşdirilmiş halda təqdim olunmasıdır.

Əsas məqsəd isə ön cəbhədə, yüksək dağlıq zonalarda yerləşən hərbçilərin qida təminatının asanlaşdırılmasından ibarətdir.

Əvvəllər dağlıq zonada hərbi xidmət keçən əsgərlərimiz qış mövsümü ərəfəsində bir neçə aylıq ərzaq təchizatını dağ başında yerləşən mövqelərinə daşıyır, və yeməkləri elə orda, döyüş növbətçiliyi apardıqları postda özləri bişirirdilər. Bu isə əlbəttə ki, əsgərləri onların birbaşa vəzifələri – döyüş növbətçiliyinin aparılması işindən yayındırırdı. İndi bu problem də aradan qaldırılıb. Konservləşdirilmiş milli yeməklər – küftə-bozbaş, kələm dolması və sairləri hazırlanaraq, həmin mövqelərdəki əsgərlərimizə çatdırılır.

Daha sonra bu gün Azərbaycan ordusunun qida rasionuna daxil olan konservləşdirilmiş məhsullarla tanış olduq.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün milli ordunun qida rasionuna milli yeməklər daxil edilir.

Bu barədə məlumat verən polkovnik-leytenant Abbasovun sözlərinə görə, bu kimi yeməklərin şəxsi heyətə çatdırılmasını təşkil etmək üçün hazır yeməklər və turşular konservləşdirilib.

Bundan başqa, ordunun qida rasionuna qatılaşdırılmış süd və ciyər paşteti əlavə edilib. Əsgərlərin qida rasionunun kalorisi 3900-4000-ə çatıb. Qeyd etmək lazımdır ki, bu göstərici NATO və Rusiya ordularından üstündür. Belə ki, Rusiyada quru ərzaq payının (el arasında “suxoy payok” kimi də tanınır) 3200 kalori təşkil edir.

Gələcəkdə əsgərlərin qida rasionuna borş, ət və yaşıl noxud, mərci şorbasının (ət ilə) konservləşdirilmiş forması daxil ediləcək.

Polkovnik-leytenant Abbasovun bildirdiyinə görə, yeməklərin konservləşdirilməsi zamanı nəzərə alınan əsas amil onların kalori dəyərinin adi qaydada hazırlanan yeməklərlə eyni olmasından ibarətdir.

Burada Milli Ordunun qida rasionunda milli yeməklərin tətbiqi barədə bir qeyd etmək də istərdim. Əslində bu addım çox yüksək qiymətləndirilməlidir. Azərbaycan mətbəxinin nümunələri yüksək kalori və enerjili, vitaminli olmaqla yanaşı, 18 il bu tipli yeməklərə öyrənmiş əsgər tərəfindən də rahat qəbul olunur.

Milli yeməklərin hazırlanması sadədir (ən azından hər bir azərbaycanlı aşbaz üçün), bundan başqa, bu tipli qidaların tətbiqi ordunun qidalanma sistemində xarici tədarükçülərdən asılılığı azaltmağa kömək edir. Konservlərin istehsalı isə istənilən şəraitdə - döyüş, müharibə şəraitində, təlimlərdə şəxsi heyətin qida təminatını problemsiz həyata keçirməyə imkan verir.

Artıq reportajımızın sonuna yaxınlaşırdıq ki, zabitlərimiz bizi əsgər yeməkxanasında nahar yeməyinə dəvət etdilər.

Təklifi qəbul edib, əvvəlcə hərbi qulluqçuların yeməkxanaya daxil olması mərasimini izlədik – bura nizami ordudur və əlbəttə ki, hər bir prosedur qaydalara uyğun həyata keçirilməlidir.

Yerində dur!

Növbəti komanda - Baş geyimin al!

Sağdan bir sıra ilə yeməkxanaya!



Fotoşəkillərdən də gördüyünüz kimi, əsgərlər yeməkləri standart mülki yeməkxanalarda olduğu kimi alırlar - əvvəlcə salat, daha sonra kələm dolması, toyuq şorbası, kompot və çörək.

Yeməkxana çox müasir hazırlanıb

Kələm dolması və digər milli yeməklər yuxarıda qeyd etdiyimiz kimi – həftədə ən azı üç dəfə şəxsi heyətə verilir.


Qidalanmadan sonra qabların yuyulmasını da mülki şəxslər həyata keçirir – ümumiyyətlə bu gün Azərbaycan ordusunun əsgərləri yeməkxana və digər təsərrüfat fəaliyyətindən tam şəkildə kənarlaşdırılırlar və yalnız hərbi təlim keçməklə məşğuldurlar.

Polkovnik Qurbanov və polkovnik-leytenant Fərəcov da bizimlə birlikdə, əsgərlə əyləşdi və neçə illik fasilədən sonra ilk dəfə əsgər yeməyindən daddım.


Düzü, hərbi xidmət keçdiyim üçün əsgər yeməyinin dadının yaxşı olduğunu bilirdim, lakin təsəvvürümə də gətirməzdim ki, qısa bir müddətdə, mülki aşbazların tətbiqi bu dərəcə effekt verəcək – belə dadlı toyuq şorbasını paytaxt Bakının bir çox bahalı restoranlarında da sizə təklif etməzlər.

Heç bir şişirtmə olmadan - doğurdan da çox dadlı idi!

Və xüsusilə vurğulamaq istəyirəm ki, burada heç bir şişirtmə yoxdur – bəziləri sual verir ki, bəs bəlkə sizin hərbi hissəyə səfərinizlə bağlı xüsusi hazırlıq görülüb?! Əsla! Təklif olunan yeməklər standart qida rasionuna daxildir və bunu hər bir keçmiş yaxud hazırkı hərbi qulluqçu təsdiq edə bilər.

Çörək də yüksək keyfiyyətli undan hazırlanıb

Şəxsi heyət nahar fasiləsində

Beləliklə, Azərbaycan MN-nin dəstəyi ilə “N”saylı hərbi hissəyə səfərimiz başa çatdı.

Sonda qeyd etmək istərdim ki, bu gün Azərbaycan ordusunda davamlı islahatların aparılması çox sevindirici faktdır. Əlbəttə, nöqsanlar da var və bunu heç kim inkar etmir. Lakin əsas nöqsanın olmaması yox, nöqsanın olduğu yerdə onun aradan qaldırılması üçün iş aparılmasıdır, hansı ki, bu gün baş verir.

Ordumuzun ərzaq və geyim təminatını həyata keçirən zabitlərimiz

Son bir il ərzində orduda böyük işlər görülüb, və hazırda da görülməkdədir, qarşıdakı illər üçün planlar hazırlanıb, təsdiqlənib. Böyük islahatlar aparılacaq. Məqsəd isə Azərbaycan ordusunu öz gücü və imkanlarına görə ən yüksək hərbi standartlara cavab verəcək bir quruma çevirməkdir. Məqsədə doğru gedən yol kifayət qədər çətindir, görüləsi iş çoxdur. Lakin dayanmaq və geriyə dönmək də olmaz – irəlidə Qarabağ dayanıb.

Elvin Şirinli
Foto: Həsən Həsənov, Fuad Qasımov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri