Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əvvəlcə barmaqları, sonra başı kəsilib: Kaşıkçının qətlinin detalları
Səudiyyəli müxalifətçi jurnalist, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Kaşıkçı son günlər dünya gündəmini zəbt edib. Onun oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra yoxa çıxması jurnalistin burada öldürülməsi ilə bağlı iddiaları ortaya atıb.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı ABŞ prezidenti Donald Trampın ard-arda verdiyi sərt açıqlamalardan bir müddət sonra Səudiyyəyə qarşı mövqeyini yumşaltması da bəzi məqamlarda şübhələrin yaranmasına səbəb olub.
İlk açıqlamasında Tramp çox narahat olduğunu bildirib. Daha sonra isə o, hadisənin arxasından Ər-Riyadın çıxacağı təqdirdə onları cəzalandıracağını açıqlayıb və bu hadisəni “iyrənc” adlandırıb.
Bundan sonrakı açıqlamalarda isə Tramp yumşaq mövqe göstərib və kral Salmanın hadisə ilə əlaqəsinin olmadığını deyib:
“O, həqiqətən, bilmir. Bu hadisəni axmaq qatillər də törədə bilər. Sona qədər gedəcəyik”.
Hətta Tramp “Kaşıkçı öldü deyə Səudiyyə ilə əlaqələri kəsmərəm” açıqlaması verib. Bəziləri Trampı səudiyyəlilərə vəkillik etməkdə, bəziləri isə onlara yol göstərməkdə ittiham edib.
Türk polisindən ikinci axtarış
Dünən axşam saatlarında türk polisi Səudiyyə Ərəbistanının Ankaradakı konsulluğunda ikinci dəfə axtarış aparıb. Əməliyyat-axtarış tədbirləri 9,5 saat davam edib və bu gün səhər 05:00-da başa çatıb.
Axtarışdan sonra kriminal mütəxəssislərin üzərindəki qırmızı ləkələr diqqətdən yayınmayıb. Məlumata görə, bu ləkələr kimyəvi maddələr nəticəsində əmələ gəlib.
Bildirilir ki, axtarışlar zamanı Camal Kaşıkçının öldürülməsini sübut edə biləcək müəyyən dəlillər də əldə olunub. Lakin hələlik həmin sübutlar barədə heç bir açıqlama verilmir.
Əvvəlcə barmaqları, sonra başı kəsilib
ABŞ-ın “Wall Street Journal” nəşri dünən Kaşıkçının qətli ilə bağlı səs yazısının üzə çıxdığını açıqlayıb. Səs yazısından məlum olub ki, jurnalist konsulluq binasına girdikdən dərhal sonra öldürülüb. Qətl konsulun gözləri önündə baş verib.
Nəşr səs yazısından qatilin əvvəlcə Kaşıkçıya dərman verərək, yatırdığı, əvvəlcə barmaqlarını, daha sonra başını kəsdiyi, sonda isə hissələrə böldüyünü bildirib. Hadisə vaxtı konsulluğun digər əməkdaşlarının musiqi dinlədiyi qeyd edilib.
Məlumatda qeyd edilib ki, jurnalisti qətlə yetirmək üçün Türkiyəyə gələn 15 nəfərdən ibarət qrupun üzvlərindən biri Səudiyyənin vəliəhd şahzadəsinin kəşfiyyatçısı Maher Əbdüləziz M.Mütreb olub. Hadisədən bir neçə saat sonra konsulluq binasından çıxan Mütrebin böyük çamadanla Ankara aeroportundan uçmasının əks olunduğu görüntülər yayılıb.
Şübhəlilərdən birinin müəmmalı ölümü
Hadisədə şübhəli bilinən şəxslərdən biri isə Səudiyyə Ərəbistanında müəmmalı yol qəzasında ölüb. Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin leytenantı Meşal Saad Əl Bostaninin qəzaya düşdüyü yer və vaxt barədə hələlik heç bir məlumat verilmir.
Hadisədən sonra Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki baş konsulu Məhəmməd Uteybi vəzifəsindən azad olunub.
Samir İsayev
www.oxu.az
Rəylər