Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Səudiyyə Ərəbistanı Trampı çətin vəziyyətə saldı - ŞƏRH
Səudiyyə Ərəbistanı müttəfiqi ABŞ prezidenti Donald Trampı çətin vəziyyətə saldı. Konqresə və ABŞ mediasına Trampı daha çox sıxışdırmaq üçün mövzu lazım idi və həmin mövzunu konqresmenlərə gözlənilmədiyi halda Səudiyyə Ərəbistanı verdi.
Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, müxalif jurnalist Camal Kaşıkçının öldürülməsi ehtimalı yüksəkdir:
“Səudiyyə rejiminə müxalif jurnalist Vaşinqtondan İstanbula gəlir, ölkəsinin konsulluq binasına daxil olduqdan sonra yoxa çıxır. Həmin jurnalistin öldürülməsi ehtimalı yüksəkdir. Çünki həmin gün Səudiyyə Ərəbistanından İstanbula 15 nəfərlik qrup gəlib, işi gördükdən sonra özəl təyyarə ilə geri qayıdıblar”.
Politoloqun fikrincə, bu vəziyyətdə Tramp nə edəcəyini bilmir.
“Çünki Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etmişdi və bu ölkə ilə 350 milyard dollarlıq müqavilə imzalamışdı. Bu sazişə görə, Səudiyyə Ərəbistanı 10 il ərzində ABŞ-dan yeni hərbi texnika almalıdır.
Bu müqaviləni Tramp prezident seçildikdən sonra ilk böyük qələbəsi kimi təqdim etmişdi. İndi isə Trampın sözlərindən belə çıxır ki, o, Vaşinqtonda yaşayan ərəb jurnalistin öldürüldüyü ehtimalına inanır, ancaq Səudiyyə Ərəbistanı ilə imzaladığı müqavilə nəticəsində ABŞ-da açılan on minlərlə iş yerindən və böyük gəlirdən də imtina edə bilməz. Yəni Tramp iqtisadi səmərə naminə jurnalistin qətlini unutmağa hazırdır”, - E.Şahinoğlu deyib.
O əlavə edib ki, Trampın rəqibləri və ABŞ mediası jurnalistin qətlini unutmağa hazır deyillər və bu mövzuda ona təzyiqi artıracaqlar:
“Trampdan Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq etməyi gur səslə istəyəcəklər. Bir sözlə, Səudiyyə Ərəbistanı bir jurnalisti öldürməklə müttəfiqi Trampı işə saldı”.
Samir İsayev
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər