Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyanla “Qarabağ klanı” baş-başa gəldi - Oğlunu girov götürmək istədilər
Son günlər Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir. Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxlarından birinin bağ evində Ermənistan oliqarxiyası və qondarma “Qarabağ” rəhbərliyinin nümayəndələri bir araya gəlib.
Görüşün qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş Müdafiə naziri müavini Samvel Karapetyan (Oqanovski) tərəfindən təşkil olunduğu və iştirakçıların Nikol Paşinyanı hakimiyyətdən devirmək üçün əllərindən gələni edəcəklərinə and içdiyi bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Baku Network” ekspertlər qrupunun rəhbəri, azərbaycanlı politoloq Elxan Ələsgərov deyib ki, Paşinyanın ona qarşı əks-inqilabi çevriliş hazırlanması bəyanatı siyasi mesajdır və bu, Yerevan rəsmiləri tərəfindən Ermənistanla “Qarabağ klanı” arasında gözəgörünməyən və indi üzə çıxan siyasi mübarizə olması ilə bağlı yayımlanan ilk bəyanatdır.
“Əlbəttə ki, bu işin arxasında Robert Koçaryanın məhkəməsi durur. O məhkəmə zamanı Koçaryana Dağlıq Qarabağdan iki nümayəndə zamin durub və Ermənistan məhkəməsi sabiq prezidentin azadlığa buraxılması, hətta cinayət işinin bağlanması ilə bağlı qərarlar qəbul etdi.
Əsas məsələ Paşinyanın Koçaryanla bağlı cinayət işinin başlanması ilə bağlı niyə qərar verməsidir. Çünki xarici diasporla bağlı Ermənistanda “Qarabağ klanı”na külli miqdarda pul buraxılıb.
Qarabağda baş verən döyüşlər zamanı klan üzvləri diasporun hesabına varlanmışdı. Paşinyan bu cinayət işini açmaqla Koçaryanın gizlətdiyi pulları mənimsəmək istəyirdi. Koçaryan və “Qarabağ klanı”nın üzvləri ABŞ, Rusiya və Fransadakı erməni diasporlarından ayrılan milyardlarla dollar pulu mənimsəyiblər.
Paşinyan hakimiyyətə gəlməmişdən xalqa vəd etmişdi ki, Ermənistanda iqtisadi inqilab olacaq. Lakin iqtisadi inqilab etmək üçün ona pul lazımdır. Ermənistan büdcəsində isə pul yoxdur. Və bu cinayət işi vasitəsilə Paşinyan o pulları Koçaryandan almaq istəyirdi. Amma onun istəyi baş tutmadı. Koçaryan azadlığa buraxıldı. İndi Koçaryanın azadlığa buraxılmasından istifadə edərək, Paşinyan xalqa müraciət edib və bəyanat verib ki, “Qarabağ klanı” ona qarşı əks-inqilabi çevriliş hazırlayır”.
Politoloq hesab edir ki, Paşinyanın oğlu Aşotu Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarından qaçıraraq, Yerevanın yeddi kilometrliyindəki hərbi hissəyə gətirməsi də “Qarabağ klanı”ndan çəkinməsi ilə bağlıdır:
“Ermənistan rəhbərliyi ilə “Qarabağ klanı” arasında gedən gizli müharibə Paşinyanı qorxuya salıb. O, oğlunun həmin klan üzvləri tərəfindən girov götürülməsindən qorxduğu üçün bu addımı atıb. Dağlıq Qarabağ hərbi birləşmələrlə doludur. Oradakı quldur dəstələri, yaraqlılar hər an Paşinyana qarşı addım ata bilərdilər”.
Samir İsayev
Rəylər