Nüvə silahı dövründə insan itkisi təkcə Xirosima və ya Naqasakidə yüz minlərlə insanın ölümü, ya da bu ölümcül silahın yığılması nəticəsində yaranan bəşəriyyətin daimi təhdidi ilə səciyyələnmir. Bu, nüvə silahı sınaqları nəticəsində xəsarət almış saysız-hesabsız insanın davamlı əzablarında da özünü göstərir.
Oxu.Az-ın xəbərinə görə, belə bəyanatla ATOM layihəsi və onun fəxri elçisi Karipbek Kuyukov çıxış edib.
Qeyd edək ki, ATOM Nursultan Nazarbayevin 2012-ci ildə nüvə sınaqlarının dayandırılması ilə bağlı təşəbbüsüdür. Açıqlaması “Sınaqları Dayandırmaq Bizim Missiyamızdır” deməkdir.
O, bütün dünyanı BMT tərəfindən təsdiq edilmiş 29 avqust - Nüvə Sınaqları Əleyhinə Beynəlxalq Fəaliyyət Günündə nüvə silahı sınaqlarının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.
K.Kuyukov təklif edir ki, dünyanın hər yerində insanlar öz yerli vaxtlarında saat 11:05-də bir dəqiqəlik sükut keçirsinlər.
“11:05 vaxtı ona görə seçildi ki, bu zaman analoq saatlarının əqrəbləri qələbə simvolu olan “V” hərfini xatırladır. Bir dəqiqəlik sükut və qələbə simvolu zərərçəkənlərə bir ehtiramdır, beynəlxalq birliyi nüvə silahı təhlükəsi üzərində qələbə qazanmağa davam etməyə çağırışdır”.
O, Qazaxıstanda və bütün dünyada nüvə silahının sınaqlarının saysız-hesabsız problemlərə səbəb olduğunu deyib:
“Zərərçəkənlərin əzabları bu gün də davam edir. Onların mübarizəsini unutmaq olmaz. Ölkəmizin (Qazaxıstan) Birləşmiş Millətlər Təşkilatını 29 avqust tarixini Nüvə Sınaqları Əleyhinə Beynəlxalq Fəaliyyət Günü elan etməyə çağırması mənim üçün böyük bir şərəfdir”.
Onun sözlərinə görə, Qazaxıstandakı Semipalatinsk nüvə poliqonundan ABŞ-ın Nevada və Nyu Meksiko ştatlarına, Marşal Adaları və Fransız Polineziyasındakı atollarına qədər çoxlu sayda insan nüvə silahlarının təsirinə məruz qalıb.
Qeyd edək ki, Qazaxıstan xalqı indiki Semey şəhəri yaxınlığında 450-dən çox sovet nüvə sınaqlarının qurbanı olub.
K.Kuyukovun valideynləri də nüvə sınaqları nəticəsində zərər çəkənlərdəndir. Nəticədə, o, qolsuz dünyaya gəlib. Lakin bu çətinliklərə baxmayaraq, məşhur rəssam və nüvə tərksilahı sahəsində beynəlxalq səviyyədə tanınan bir fəal olub.
O, sənətini nüvə silahı sınaqlarının qurbanlarının şəkillərini çəkməyə və ömrünü nüvə silahı təhlükəsinin aradan qaldırılması işinə həsr edib.
Rəylər