Niderlandın Haaqa şəhərinin mərkəzində toplaşan gənclər polis tərəfindən dağıdılmağa başlanıb. Buna səbəb sosial şəbəkələrdə "Z nəsli etirazları"na çağırışların yayılması olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə yerinə iğtişaşlara qarşı mübarizə bölməsinin onlarla əməkdaşı və polis cəlb edilib. Şəhər mərkəzində bir neçə küçə bağlanıb.
Polis gəncləri əvvəlcə etiraz aksiyasının keçirilməsinin planlaşdırıldığı Maliveld meydanına doğru sıxışdırıb. Daha sonra bir neçə yüz gənc polisdən yayınaraq meydandan Haaqa Mərkəzi Dəmiryol Vağzalı istiqamətində qaçıb. Vağzalın ərazisində vaxtaşırı pirotexniki vasitələrin partlayış səsləri eşidilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları toplaşanları ərazini tərk etməyə çağırırlar.
Vağzal binasına giriş məhdudlaşdırılıb. Maliveld meydanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb, şəhər mərkəzinə doğru piyadaların hərəkətinə də məhdudiyyət qoyulub.
Polisin məlumatına görə, 10-dan çox şəxs saxlanılıb. Saxlanılanlar arasında üzlərini gizlədən geyimdə olanlar və pirotexniki vasitələrdən qanunsuz istifadə edənlər də var.
Oktyabrın 29-da "GeenStijl" portalı Niderlandın sosial şəbəkə seqmentində Fransada baş verən son hadisələrə bənzər iğtişaşların təşkili ilə bağlı çağırışların, eləcə də kral ailəsinə ünvanlanan təhdidlərin yayıldığını bildirmişdi.