Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran tarixinin ən mənasız seçkisi - “Kaspi”nin TƏHLİLİ + FOTO
İrandakı seçkilər yeni böhrana yol aça bilər. Ölkə iqtisadi cəhətdən ağır duruma düşüb, sosial tələblərlə etiraz aksiyaları artıb. Əhalisinin 60 faizi yoxsulluq həddindədir. Üstəlik, regiondakı proseslər də molla rejiminin ziyanına işləyir.
Martın 1-də İran xalqı müasir tarixində ən maraqsız seçkilərdən birini keçirib. Parlament və Dini Ekspertlər Şurasına seçkilərdə fəallıq gözlənildiyi kimi, rekord səviyyədə aşağı olub. Dövlət Seçki Mərkəzinin məlumatlarına əsasən, Tehranda seçici fəallığı cəmi 23,5%, ölkə üzrə isə təxminən 38% təşkil edib. Belə ki, səsvermə hüququ olan 61 milyon İran vətəndaşından cəmi 25 milyonu seçkiyə gedib. Bəzi qeyri-rəsmi məlumatlara görə, əslində seçici fəallığı heç 20 faizə də çatmayıb. Bəziləri əvvəldən bəyan edirdilər ki, “mənasız” saydıqları seçkilərə getməmək daha yaxşıdır.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Etiraz aksiyalarından sonra ilk seçki
Nəticələrə gəldikdə, ölkədə sərt xətt tərəfdarları hakimiyyətlərini daha da möhkəmləndirməyə müvəffəq olublar. Bu, 2022-2023-cü illərdə ölkəni bürümüş kütləvi xalq etirazlarından sonra keçirilən ilk seçki olduğundan bir çox xüsusiyyətləri ilə fərqlənib. Eyni zamanda, bu seçki İbrahim Rəisi hökuməti dövründə baş tutan ilk seçkidir.
Qeyd edək k, İran parlamenti 290 yerdən ibarətdir. Hər 10 ildən bir parlamentdə 20 deputat sayı artırılır. Konstitusiyaya əsasən, beş yer dini azlıqların (xristian, yəhudi və zərdüşti) nümayəndəsi üçün nəzərdə tutulur. Ekspertlər Şurasına səkkiz ildən bir seçki keçirilir. İranın ali rəhbərini müəyyən edən bu qurum 88 müctəhiddən formalaşır. Bu seçkidə 61 milyon 87 min İran vətəndaşının səsvermə hüququ olub. 15 mindən çox vətəndaş deputatlığa namizəd olmaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Onların 75 faizinin namizədliyi qeydə alınıb. Mindən çox qadın deputatlığa namizəd olub. Şura üzvlüyünə isə 144 iddiaçı namizədliyini irəli sürüb. Ekspertlər Şurası ali rəhbəri seçən seçkili orqandır. Bu quruma 97 yaşlı ayətullah Əhməd Cənnəti başçılıq edir.
Ehtimal edilir ki, bu seçkilər yeni böhrana yol aça bilər. Ölkə iqtisadi cəhətdən ağır duruma düşüb, sosial tələblərlə etiraz aksiyaları artıb. Əhalisinin 60 faizi yoxsulluq həddindədir. Üstəlik, regiondakı proseslər də molla rejiminin ziyanına işləyir. HƏMAS-İsrail cəbhəsində fələstinlilərin məğlubiyyəti Tehranın Yaxın Şərqdən qovulmasının başlanğıcı ola bilər.
Siyasi zərurət və mənəvi vəzifə
Ali dini lider ayətullah Əli Xamenei seçkiyə ilk gedənlər sırasında olub. O, iranlıları mümkün qədər tez səsverməyə getməyə çağırıb. Xəbərdarlıq edib ki, seçkiləri İranın dostları da, düşmənləri də izləyir. “Dostları sevindirin, düşmənləri ümidsiz edin”, - deyə 84 yaşlı Xamenei səs verəndən sonra deyib. Lakin bu da kömək etməyib. Bir sıra tanınmış xadimlər, o cümlədən Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi seçkini açıq şəkildə boykota çağırıb, onun nəticəsinin öncədən müəyyənləşdirildiyini deyib. N.Məhəmmədi seçki ilə bağlı sanksiyaların və dünya qınağının “siyasi zərurət və mənəvi vəzifə” olduğunu bildirib. Keçmiş daxili işlər nazirinin müavini Mustafa Taczadə də səsverməyə qarşı çıxıb, ali dini lideri ölkənin böhranlarına laqeydliyinə görə tənqid edib. Qərbi Azərbaycan vilayətində polis ictimai itaətsizliyə, seçkidə iştirak etməməyə çağıran sosial media səhifələrinə görə 50 nəfərin saxlandığını elan edib. Vətəndaşların fikrincə, bu seçkilər hakimiyyəti mühafizəkarların əlində cəmləşdirəcək. Bu rəylər İranın dini hakimiyyətinin üzləşdiyi çətinlikdən soraq verir. Xorasan-i Rəzəvi əyalətində parlament seçkilərini boykota çağıran 11 sosial media kanalı bağlanıb. Bu barədə Polis Komandanlığının İnformasiya Təşkilatının Kiber Mərkəzi məlumat yayıb. “Kanallar ictimai rəydə təşviş yaratmaq, hökumətə qarşı təbliğat və seçkilərdə iştirakdan imtinaya çağırış etdikləri üçün bağlanıblar”, - məlumatda bildirilib.
İran erməniləri və kürdlər sevinir
İranda parlament seçkilərinin nəticələri ermənilərin sevincinə səbəb olub. Seçilmiş 290 deputatdan ikisi etnik ermənidir. Biri Ara Şahverdyan Tehranda, ikincisi Qeqard Mansuryan İsfahanda yenidən seçilib. Güney Azərbaycanın əsas şəhərlərindən olan Urmiya, Sulduz, Makuda isə kürdlər irəli çıxıb. Kürdlər Urmiyada üç millət vəkili yerinin üçünü də, Sulduz və Makuda isə hər birində bir olan millət vəkili yerlərini qazanıblar. Qeyd edək ki, indiyə qədər həmişə Urmiyada hər üç mandat, Sulduz və Makuda isə hər bir mandat azərbaycanlı namizədlər tərəfindən qazanılırdı.
Xameneinin rəqibi Ekspertlər Şurasından kənarda qaldı
Ekspertlər Şurasına keçirilən seçkilərdə ən diqqət çəkən məqamlardan biri də 25 il bu şuranın üzvü olmuş Ayətullah Sadiq Amoli Laricaninin məğlubiyyəti olub. Mazandaran əyalətindən namizəd olan Amoli Laricani səsvermə nəticəsində dörd yer uğrunda mübarizə aparan beş namizəd arasında beşinci yeri tutub və Ekspertlər Şurasından kənarda qalıb. On il İran Məhkəmə-Ədliyyə Hakimiyyətinin rəhbəri olmuş, hazırda isə Məsləhət Şurasına sədrlik edən Amoli Laricaninin adı bir vaxtlar ölkənin ali rəhbəri postunda ayətullah Əli Xameneini əvəzləməsi ehtimal olunan şəxslər sırasında çəkilirdi. Qeyd edək ki, Amoli Laricani İran parlamentinin keçmiş sədri Əli Laricaninin qardaşıdır. Əli Laricani 2021-ci il prezident seçkisində namizədliyini irəli sürsə də, Nəzarət Şurası tərəfindən seçkiyə buraxılmamışdı.
Beləliklə, İran son 45 ildə ən mənasız seçkilərindən birini keçirdi. Hakimiyyət sevinsə də, bu, ona baha başa gələ bilər. Əhali prosesə ciddi önəm verməsə də, ölkə barıt çəlləyinə bənzəyir.
"HƏMAS" teqi üzrə xəbərlər
- KİV: "HƏMAS İsraillə girovlarla bağlı razılığa gəlməyə hazırdır"
- BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi
- İsrail İranın HƏMAS-a maliyyə yardımına və 7 oktyabr hücumlarına dəstəyinə aid sənədləri ələ keçirib
- İsrail HƏMAS-a pul təklif etdi
- İsrail son 24 saatda "Hizbullah" və HƏMAS-ın 120-dən çox hədəfinə hücum edib
Rəylər