ABŞ Prezidenti Donald Tramp payızda keçiriləcək növbəti ASEAN (Cənub-Şərqi Asiya ölkələri) sammitində Şimali Koreya lideri Kim Çen Inla görüşmək niyyətindədir. Ağ ev rəhbəri bəyan edib ki, Şimali Koreya lideri ona hörmət edir və onların arasında əsl qarşılıqlı anlaşma var. İndi əsas sual budur - Tramp niyə yenidən Kimlə dostluq etmək istəyir? Bu sual hazırda beynəlxalq gündəmin əsas mövzularından biridir.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Trampın gözlənilməz qərarı
ABŞ ilə Şimali Koreyanın yaxınlaşmasının növbəti mərhələsi haqqında xəbərlər Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərdən imtina etməsindən sonra ortaya çıxıb. Daha doğrusu, Tramp planlaşdırılan təlimləri 11 gündən 4 günə endirib. 1969-cu ildən bəri hər il böyük miqyasda keçirilən "Ulçi Azadlıq Qalxanı" təlimlərinin ərəfəsində amerikalı general-leytenant Skott Uinter bəyan edib ki, bu il "Qalxan" həmişəkindən "daha genişmiqyaslı və daha yaxşı olacaq". Lakin sonradan məlum olub ki, Trampın öz planları var. Ötən həftə Tramp "Truth Social"da yazıb ki, ABŞ-nin təlimlərdə iştirakından narazıdır. Onun fikrincə, təlimlər nəinki ölkəyə çox baha başa gəlir, həm də təhlükə yaratmayan və başqalarına hörmətlə yanaşan ölkəyə (Şimali Koreyaya) qarşı tamamilə yersiz və düşməncəsinədir. 20 mindən çox hərbçinin iştirak etdiyi təlimləri ləğv etmək artıq gec olduğundan, Tramp Pentaqona onların müddətini qısaltmağı əmr edib. Cənubi Koreya da təsdiqləyib ki, təlimlər planlaşdırılandan 6 gün əvvəl başa çatacaq. Cənubi Koreyanın xarici işlər naziri bildirib ki, Seul Trampın planlarından xəbərsiz olub. "Ulçi Azadlıq Qalxanı" bütün tarixi ərzində cəmi üç dəfə ləğv edilib: 1992, 1994 və 2018-ci illərdə.

Əsas gündəm nə olacaq?
Yeni Tramp-Kim görüşündə bir neçə məsələ əsas müzakirə mövzusu ola bilər. Birinci məsələ nüvə proqramıdır. ABŞ ən azı nüvə və raket proqramının inkişafının məhdudlaşdırılmasına çalışacaq. Lakin Pxenyanın tam nüvəsizləşməyə razılaşması hazırkı şərtlərdə olduqca çətin görünür. İkinci məsələ sanksiyalardır. Şimali Koreya iqtisadi təzyiqlərin yumşaldılmasını tələb edə bilər. Vaşinqton isə mümkün güzəştləri Pxenyanın konkret addımları ilə əlaqələndirməyə çalışacaq. Üçüncü məsələ hərbi təlimlərdir. Pxenyan ABŞ-Cənubi Koreya təlimlərinin dayandırılmasını və ya daha da məhdudlaşdırılmasını tələb edə bilər. Dördüncü məsələ diplomatik münasibətlərdir. Vaşinqton və Pxenyan arasında daha davamlı diplomatik kanalın yaradılması ehtimalı böyükdür. Beşinci məsələ raket proqramıdır. Şimali Koreyanın qitələrarası ballistik raketləri ABŞ üçün əsas təhlükəsizlik problemlərindən biridir.

Tramp görüşün bu ilin sonunda baş tutacağını bildirib, lakin nə dəqiq tarix, nə də məkan açıqlanıb. ABŞ mediasında daha çox noyabr ayında Şençjendə keçiriləcək APEC sammiti ətrafında mümkün görüşdən danışılır. Bu səbəbdən sentyabr ayı daha çox hazırlıq və diplomatik kanalların intensivləşməsi mərhələsi kimi qiymətləndirilir. Əgər Vaşinqton və Pxenyan sentyabrda ilkin razılaşmalara nail olsalar, noyabrda daha yüksək səviyyəli görüşün keçirilməsi üçün zəmin yaranacaq.
Yenidən ən yaxşı dostlar?
Şimali Koreyanın da mövqeyi maraq doğurur. Pxenyan Trampın səxavətli jestini qiymətləndirməyib: avqustun 19-da - birgə təlimlərin 6 gün əvvəl başa çatacağı məlum olduqda, yenidən etirazını bildirib, qısaldılmış manevrləri də "işğal məşqi" adlandırıb. Bəs Kim Trampla görüşə hazırdırmı? Bununla bağlı Şimali Koreya rəhbərliyindən heç bir rəsmi bəyanat verilməyib. Ehtimal olunur ki, KXDR lideri görüş imkanından imtina etməyəcək. Çünki bu onun diplomatik mövqelərini möhkəmləndirəcək. ABŞ ilə yaxınlaşma qonşu Cənubi Koreyaya təzyiq vasitəsinə çevriləcək.

Seul nüvə silahı əldə edəcək?
Ekspertlər bildirirlər ki, əgər Tramp və Kim Çen Inın danışıqları baş tutarsa və ya Cənubi Koreyanı yan keçərək ABŞ ilə KXDR-in yaxınlaşması istiqamətində hər hansı digər addımlar atılarsa, bu, Asiya regionunda yeni problemlər yaradacaq. Seulun öz nüvə silahı barədə düşünmə ehtimalı da istisna deyil. Son sorğulara görə, ölkə əhalisinin 70%-i nüvə başlıqlarının yaradılmasını dəstəkləyir, mühafizəkar siyasətçilər isə çoxdan deyirlər ki, Şimali Koreyanın nüvə gücünü yalnız öz nüvə gücləri ilə cilovlamaları mümkündür.

"Yeni Sinqapur", yoxsa "yeni Hanoy"?
Tramp-Kim görüşünün gələcəyi əsasən bu iki ssenaridən birini təkrarlayacaq. "Yeni Sinqapur" ssenarisi - tərəflər nüvə məsələsində tam razılığa gəlməsələr belə, münasibətlərin yaxşılaşdırılması, hərbi gərginliyin azaldılması və yeni danışıqlar mexanizminin yaradılması barədə razılışırlar. "Yeni Hanoy" ssenarisi - tərəflərin əsas tələbləri bir-birinə uyğun gəlmir və görüş nəticəsiz başa çatır. İkinci ssenari ehtimalı kifayət qədər yüksəkdir. Çünki Vaşinqton hələ də nüvə təhlükəsinin məhdudlaşdırılmasını istəyir, Pxenyan isə nüvə arsenalını öz təhlükəsizliyinin fundamental elementi hesab edir. Yeni Tramp-Kim diplomatiyasının nəticələri yalnız ABŞ və Şimali Koreya ilə məhdudlaşmayacaq. Yaponiya və Cənubi Koreya prosesin əsas tərəfləri olacaq. Çin isə öz sərhədlərində ABŞ-Şimali Koreya yaxınlaşmasının hansı istiqamətdə inkişaf etdiyini diqqətlə izləyəcək. Rusiya da Pxenyanla artan strateji əməkdaşlığı fonunda prosesə təsir göstərmək imkanına malikdir. Əgər ABŞ Şimali Koreyanın nüvə statusunu faktiki qəbul edən siyasətə keçərsə, bu, Yaponiya və Cənubi Koreyada ciddi strateji müzakirələrə səbəb ola bilər.
Hazırkı mənzərə göstərir ki, Tramp masaya qayıtmaq, Kim isə masaya oturmaq üçün şərtləri dəyişdirmək istəyir. Məhz bu ziddiyyət qarşıdakı aylarda ABŞ-Şimali Koreya diplomatiyasının əsas mübarizə xəttini təşkil edəcək.