Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ADR–100: Parlamentin açılışı və ilk ölkədaxili toqquşmalar
Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.
Növbəti məqalə tariximizin ADR dönəminin dekabr 1918-ci il mərhələsi, parlamentin açılması, ölkədaxili ictimai, siyasi, sosial, iqtisadi və mədəni dəyişikliklərə həsr olunub.
İlin sonu baş verən hadisələrin zənginliyi ilə seçildi. ADR tarixində bu ilin dekabr ayının əsas hadisəsi parlamentin açılışı oldu.
Rəsmi olaraq parlament dekabrın 3-də açılmalı idi, bunun üçün hər şey hazır idi, lakin formal səbəblərdən (general-qubernator Tomsonun icazəsi və s.) açılış dekabrın 7-nə keçirildi. Vahid və bölünməz Rusiya tərəfdarı olan eserlər, kadetlər və menşeviklər parlamentdə iştirak etməkdən imtina etdilər.
Eserlər partiyası ayrı-ayrı üzvlərinin parlamentdə iştirak etməsinə mane olmurdu (sonralar onlar hətta mandat da aldı, lakin ondan istifadə etmədilər). Rus Milli Şurasının bir hissəsi isə ondan ayrıldı və Məmməd Əmin Rəsulzadənın təklifi ilə Rus Milli Şurası üçün ayrılan mandatlara sahib olan Slavyan Rus Cəmiyyəti yaratdı.
Dekabrın 7-də bir çox ictimai xadimin iştirak etdiyi təntənəli tədbir keçirildi. Parlamentin sədri vəzifəsinə müəyyən dərəcədə güzəştin ifadəsi olaraq Əlimərdan bəy Topçubaşov seçildi. Lakin Topçubaşovun orada olmaması səbəbindən bu vəzifəni sədrin müavini Həsən Ağayev yerinə yetirirdi.
Birinci iclaslarda partiyalar öz deklarasiyalarını elan edirdi: Rəsulzadə (Müsavat), gürcülərdən Q.İ.Tsxakaya, polyaklardan S.A.Vonsoviç, ruslardan M.N.Vinoqradov, almanlardan N.Y.Kun, yəhudilərdən M.A.Quxman, “İttihad”dan Q.Qarabəyov, sosialistlərdən A.Pepinov.
Kimisi sülh şəraitində mehriban qonşuluq məsələsinə, kimisi fəhlələrlə bağlı problemlərə və ya qadın məsələsinə üstünlük verirdi. Birinci iclaslardan sonra parlament ilk problemlərlə üzləşdi.
Ümumiyyətlə, bütövlükdə parlament kifayət qədər ağır şəraitdə fəaliyyətə başladı: iqtisadiyyatda dağınıqlıq, həllini tapmamış aqrar və fəhlə məsələsi, qonşularla münaqişə bu qəbildən idi. Artıq dekabrın 20-də – fəaliyyətindən iki həftə sonra təcili iclas çağırıldı.
Ən mühüm mövzulardan biri erməni-Azərbaycan toqquşması idi. Praktiki olaraq hər gün Bakıya bu və ya digər kənd üzərinə basqın haqqında xəbərlər gəlirdi. Bəzilərinin dediyi kimi, bu, qoşunların, digərlərinin fikrincə, ayrı-ayrı hərbi qrupların basqını idi. Bu məsələ ilə bağlı Fətəli xan Xoyski yazılı şəkildə general Tomsona müraciət etdi.
O, Andranikin başçılığı ilə hərbi hissələrin Qarabağda törətdikləri vəhşiliklər barədə Tomsona xəbər verdi. 1918-ci ilin dekabr ayının 1-də general Tomson Andranikdən Azərbaycan əhalisinə qarşı apardığı döyüşlərin dayandırılmasını tələb etdi. Buna həm də ölkədə ingilis qoşunlarının sayının tədricən artması və onların ölkə vilayətlərinin bir çoxunu nəzarəti altında saxlaması da yardım göstərdi.
Bunula belə, hələ də gündəlik ayrı-ayrı toqquşmalar baş verirdi. Münasibətlər sərtləşdiyi üçün dekabrın 20-də təcili iclas çağırıldı. Deputat Məhəmməd Məhərrəmov Andranikin qoşunlarının Azərbaycanın dinc müsəlman əhalisinə qarşı törətdiyi anarxiya haqqında məlumat verdi.
Məhərrəmovun fikrincə, Andranik kişiləri, qadınları, uşaqları, qocaları, xəstələrinin kütləvi şəkildə qanını tökməklə, nə cinsinin, nə də səhhətinin fərqinə varırdı. Parlamentin həmin iclasında hökumətin sədri F.Xoyski çıxış edərək qeyd etdi ki, ermənilərin Zəngəzurdakı təcavüzkar hərəkətləri yeni xəbər deyil, çox güman ki, hələ hökumətimizin Gəncədə olduğu zaman Ermənistanın apardığı anneksionist siyasətin davamıdır.
Xoyskinin sözlərinə görə, Azərbaycan hökuməti dəfələrlə Ermənistana yerli və Türkiyə ermənilərindən ibarət ciddi hərbi qüvvə toplayıb və əvvəlcə İrəvan quberniyasının müsəlman kəndlərini dağıdan, sonra da Gəncə quberniyasına keçən Andranikin girişdiyi avantüraya son qoymaq müraciətilə çıxış edib.
Həmçinin H.Ağayev xəbər verdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyununa qədər “200-dən çox müsəlman kəndi” dağıdılıb və yandırılıb. Nəticədə deputatlar baş vermiş hadisələrdə Ermənistanı günahlandırdılar.
Bununla eyni vaxtda ordunun formalaşması üçün qızğın iş gedirdi. Hərbi nazir dekabrın 5-nə qədər qoşunlara baxış keçirdi. Mehmandarovun məlumat verdiyi kimi, I tatar süvari alayının əsgərlərinin əksəriyyəti müvafiq geyimsiz və ayaqqabısız qalıb, aşağı keyfiyyətli qida ilə təmin olunurlar.
Alayın həyətində və tövlələrində çoxlu sayda peyin toplanıb qalıb. II Qarabağ süvari alayında isə əsgərlərin əynində canlıq, pambıq şarovar, papaqlar vardı. Hətta lazımi qədər hazırlıqlı olmasalar da, “hərbi görüşə malikdir və kifayət qədər gümrahdırlar”. Yemək baxımından da burada vəziyyət yaxşıdır, “çörək əla, şorba da yağlı və çox dadlıdır”.
IV Dağlılar batareyasında o, atlarla bağlı problemlərin olduğunu aşkarladı, onların bir dəri, bir də sümük olduqlarını qeyd etdi: “Sanki bütün hərbi hissələridəki yararsız nə varsa, bu batareyaya vermişlər”.
V Dağlılar batareyası ona daha pis təəssürat bağışladı. 7-8 min əsgərin əvəzinə o, yalnız 800 nəfərin olduğunu müəyyənləşdirdi. Buna görə də Bakıya qayıtdıqdan sonra, dekabrın 10-da fərariliyin qarşısının alınması ilə bağlı tədbirlər və Gəncədə tədris batalyonunun formalaşdırılması haqqında əmr verdi.
Fərarilərin boş yerə ortaya çıxmayacağını başa düşərək, o, dekabrın 11-də hərbi xidmətdə olanlar üçün ərzaqların çeşidli olması haqqında əmr verdi: “Aşağı rütbələrə gündüz yeməyi üçün fərqli xörəklər, məsələn: plov, dolma, bozbaş, şorba, şi və ümumiyyətlə, əsgərlərimizin çoxunun öyrəşdiyi xörəklər verilməlidir”.
Bir qədər sonra Mehmandarov həmçinin ölkə vətəndaşlarına ordunun formalaşmasına kömək etmək çağırışı ilə müraciət etdi, əməkhaqqı və bir çox başqa şeylər haqqında danışdı.
Parlament qarşısında duran digər vəzifələrdən biri də yeni Nazirlər Kabinetinin təsis edilməsi idi. Dekabrın 22-də yeni Nazirlər Kabineti rəsmən elan edildi. Baş nazir Xoyski hökumət qarşısında duran vəzifələr haqqındakı nitqində qeyd etdi ki, müstəqillik və sərbəstlik digər xalqlardan uzaqlaşmağı nəzərdə tutmur.
O, müstəqil Azərbaycanın “Rusiya ərazisində yaranmış digər dövlətlərlə, o cümlədən mərkəzi Rusiyanın özü ilə sıx əlaqələr yaradacağını” vurğuladı. Həmin gün general Tomsonun aktı nəşr edildi: “Cənab F..Xoyskinin sədrliyi altında Azərbaycan koalisiya hökumətinin yaradılmasını nəzərə alaraq, elan edirəm ki, müttəfiqlərin komandanlığı Azərbaycan sərhədlərində yeganə leqal yerli hökumət olan bu hökuməti tam dəstəkləyəcək”.
Bu akt həm parlamentdə, həm də ictimai dairələrdə sevinclə qarşılandı. Bir çoxları bunu Azərbaycanın de-fakto tanınması kimi qəbul etdi.
Lakin fəaliyyətinin elə ikinci günü yeni hökumət daxili problemlərlə üzləşdi. Dekabrın əvvəlindən ölkədə tədricən fəhlə hərəkatı dirçəlməyə başladı. Məsələn, dekabrın 6-da “Moskva-Qafqaz neft sənaye və ticarət cəmiyyəti”nin 500 fəhləsi tətil elan etdi.
Bir neçə gündən sonra Nobel qardaşlarının şirkətinə aid mədənlərdə də tətil elan olundu. Tədricən tətillərin və münaqişəli vəziyyətlərin sayı artırdı. Belə şəraitdə sosialist partiyaları və fəhlə təşkilatları 251 nümayəndənin iştirakı ilə dekabrın 15-də açılan Bakı Fəhlə Konfransını dirçəltdi.
Qeyd etmək lazımdır ki, fəhlə təşkilatlarının bir çox nümayəndəsi menşevik və ya eser partiyalarının üzvü olduğu halda, yaranmış parlamenti tanımır və problemlərini birbaşa Britaniya idarəsi ilə birgə həll edirdilər.
Konfransda britaniyalılara dörd tələblə müraciət edilməsinə qərar verildi: siyasi dustaqların azad olunması, mətbuat azadlığı, yığıncaq və söz azadlığı. Tələblər yerinə yetirilmədiyi üçün dekabrın 24-də Fəhlə Konfransı ümumi siyasi tətil elan etdi.
Fəhlələr yığıncaq, tətil, fəhlə təşkilatları azadlığı, şəxsiyyətin və yaşayış yerinin toxunulmazlığı tələbləri ilə çıxış etdilər. Böyük fabrik müfəttişinin xəbər verdiyinə görə, həmin gün bu və ya digər dərəcədə 23 fabrik işləmir, artıq dekabrın 24-də, saat 13:00-a yaxın 11715 nəfər tətilə çıxmışdı.
Neftçilər arasında yalnız zavodlar, Mantaşev və Pitoyevin mədənləri işləyirdi. O biri gün dəmir yolu işçiləri də tətilə qoşulduqlarını bəyan etdilər. Şəhərdə ictimai nəqliyyatın hərəkəti praktiki olaraq dayandırıldı və hətta hökumət rəsmi qəzetləri nəşr etdirmək imkanından məhrum oldu.
Yalnız “Bakı tətil komitəsinin xəbərləri” qəzeti çıxırdı. Bununla bərabər, hökumət bu problemi heç cür həll edə bilmirdi və izləyici rolunu oynamaq məcburiyyətində qalmışdı. İngilis komandanlığı əvvəlcə naməlum səbəbdən ağlasığmaz hərəkətlərə əl atdı.
Hadisələrin başladığı birinci gün Fəhlə Konfransının rəhbərləri – eser və menşeviklər Saakyan, Arakelyan, Şterin, Velunts və Vitol həbs olundu. O biri gün bolşevik Anaşkin də tutuldu. Buna baxmayaraq, Fəhlə Konfransı menşevik Çurayevin rəhbərliyi altında tətili davam etdirdi.
Həbs edilənləri Ənzəliyə köçürdülər. Nəticədə fəhlələrin tələblərinə daha bir bənd - məhbusların qaytarılması da əlavə edildi. Mitinqlərdən sonra, dekabrın 27-də Britaniya komandanlığı və Fəhlə Konfransının nümayəndələri arasında görüş keçirildi.
Britaniya komandanlığı bir daha fəhlə hərəkatına mane yaratmayacağına, söz, yığıncaq və mətbuat azadlığını təmin edəcəyinə söz verdi.
Buna baxmayaraq, qismən iflic vəziyyətə düşən hökumət müəyyən dərəcədə fəaliyyət göstərirdi. Dekabrın 26-da Gürcüstanla əmtəə mübadiləsi haqqında müqavilə bağlandı. Dekabrın 28-də Paris Sülh Konfransına getmək üçün Əlimərdan bəy Topçubaşovun, M.H.Hacınskinin, A.Ağayevin və Şeyxülislamovun müşavirlər - M.Məhərrəmov, Mehdiyev və C.Hacıbəyovla birgə daxil olduğu nümayəndə heyəti seçildi.
İqtisadi sahədə hökumət hələ də Antanta ölkələrilə münasibətlərin tənzimlənməsilə məşğul olurdu. Belə ki, dekabrın 12-də köhnə hökumət neft məhsullarının Antanta ölkələrinə ixracı haqqında qərar qəbul etdi.
Dekabrın 19-da Gürcüstan hökumətinə bir milyon pud ağ neft, dekabrın 21-də daha 10 çən ağ neft, iki çən benzin və 13 min pud neft göndərildi. Bununla eyni vaxtda Britaniya hərbi xidmətçilərinin ölkə sərhədlərindən yoxlanılmadan buraxılmasına qərar verildi (onlar özləri ilə neft də aparırdı).
Rusiyaya neftin ixracına qoyulan qadağa nəticəsində neft şirkətləri çox güclü böhran keçirirdi. Ona görə də dekabrın 24-də hökumət özəlləşdirilmiş müəssisələrə iki milyon rubl verilməsi barədə qətnamə qəbul etdi.
Qeyd edək ki, din sahəsində də müəyyən irəliləyişlər izlənilirdi. Son vaxtlara baxanda, ilk dəfə idi ki, dekabrın 12-də din işləri üzrə nazir Musa Rəfiyevin məsləhətilə Zaqafqaziya Müsəlman Ruhani İdarəsinin sədri vəzifəsinə Ağa Əlizadə seçildi.
Şeyxülislam olmaqla yanaşı, o, həm də İslam dininin hər iki qoluna - sünnülərə (onların nümayəndəsi Ağa Əlizadə müavini təyin edildi) və şiələrə başçılıq etməyə başladı.
Dekabrın 29-da Ağdamda hərbçilər qiyam qaldırdı.
Mehmandarovun raportunda qeyd etdiyi kimi, Ağdamda vəziyyət yaxşı deyildi: yüzlərlə əsgər balaca kazarmada qalırdı, yeməkləri də çox pis idi. Bu səbəbdən də hərbçilər bütün ordu səviyyəsində qiyam qaldırmağı qərara aldı. Lakin qalan hissələrə xəbər çatdıra bilmədilər.
Nəticədə yalnız I Qazax alayı (Ağdamda yerləşdirilmişdi) və daha bir batalyon (Şuşada yerləşirdi) qiyam qaldırmış oldu. General Yusifov dərhal həbs edildi. Ondan tələb etdilər ki:
1. Ordudan rus zabitlər kənar edilsin və onların yerinə türk zabitləri qaytarılsın;
2. İngilis qoşunları Şuşadan və bütün Azərbaycan ərazisindən çıxarılsın;
3. Şuşaya istiqamət alan Andranikin fəaliyyəti dayandırılsın (o zaman əsgərlər arasında Şuşa və Qarabağın ermənilərə veriləcəyi haqqında şayiələr gəzirdi).
General bu tələbləri qəbul etdi və tələblərin mərkəzə çatdırılması üçün azad olunmasını xahiş etdi. Generalı buraxdılar. Lakin verdiyi xəbərdə o, əlavə qoşun istədi.
Mehmandarovdan tərifli rəy aldı. Başda S.Əfəndiyev olmaqla II Qarabağ alayı Ağdama daxil oldu, əsgər və zabitləri tərk-silah etdi. Qiyam başçıları həbs edildi.
Xosrov Paşa bəy Sultanov
(1879-1947)
Xosrov Paşa bəy Sultanov 1879-cu ildə Zəngəzur qəzasının (indiki Laçın rayonu) Kürhacı kəndində, qəzanın iri torpaq sahiblərindən biri olan Əlipaşa bəy Sultanovun ailəsində dünyaya gəlib.
Orta təhsilini Yelizavetpol Klassik Gimnaziyasında alıb. Atasının məsləhəti ilə Odessa Universitetinin tibb fakültəsinə daxil olub. Zaqafqaziyaya qayıdıb, inqilab dövrünə qədər Yelizavetpol və Tiflisdə həkim kimi fəaliyyət göstərib.
Fəal ictimaiyyətçiliyi ilə seçilib. İnqilabdan dərhal sonra “Müsavat” partiyasına daxil olub, onun Tiflis bölməsinə rəhbərlik edib. Tiflis müsəlmanları adından Təsis Yığıncağına üzv seçilib.
Nəriman Nərimanovun sözlərinə görə, seçicilərə təzyiq göstərib. Təsis Yığıncağının digər azərbaycanlı deputatları kimi, o da Zaqafqaziya Seyminin deputatına çevrilib. Seymin birinci iclasında müsəlman fraksiyasının yeganə deputatı kimi iştirak edib.
Azərbaycanın müstəqilliyi haqqında deklarasiyanı qəbul edənlər sırasına daxil idi. İlk vaxtlar birinci kabinet nəzdində hərbi nazir vəzifəsini icra edib, sonralar isə əkinçilik və əmək naziri vəzifəsinə keçib.
Maraqlıdır ki, bu zaman o, “Müsavat” partiyası sıralarından çıxıb müxalif “İttihad” Partiyasına qoşulur.
1919-cu ildə o, inzibati fəaliyyətlə məşğul olmağa başlayır. 1919-cu ilin yanvar ayının 15-də “Britaniya komandanlığının razılığı ilə Xosrov Paşa bəy Sultanov müvəqqəti olaraq Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl qəzalarının general-qubernatoru təyin edilir.
Bununla belə qeyd edilir ki, bu torpaqların mənsubiyyəti məsələsi sülh konfransında həll olunacaq. Sultanovun təyinatı erməni əhalisinin narazılığına səbəb olub. Lakin Tomsonun dediyi kimi, “Sultanov bacarıqlı və nüfuzlu insan” olduğu üçün seçim onun üstündə dayanıb.
1919-cu ildə regionda qüvvələr arasındakı gərginlik artırdı. Buna ingilislərin ikibaşlı siyasəti də təkan verirdi. 1919-cu ildə erməni və Azərbaycan hərbi hissələri arasında döyüşlər baş verdi.
X. Sultanov Dronun başçılığı altında erməni hissələri üzərində qələbə çaldı. Lakin artan gərginlik 1920-ci ildə erməni-Azərbaycan müharibəsi ilə nəticələndi. Bu müharibənin nəticələrindən biri də Şuşa şəhərinin erməni hissəsinin dağıdılması oldu. Ermənilər bunun günahını məhz general-qubernatorda görürdü.
Azərbaycanda Sovet hakimiyyəti bərqərar edildikdən sonra Sultanov özünü “Qarabağ İnqilabi Komitəsinin” rəhbəri elan edir və Bakıya Azərbaycan İnqilabi Komitəsinin rəhbəri Nəriman Nərimanova təbrik göndərir.
O bildirir ki, Sovet hakimiyyətinin bərqərar edilməsini səbirsizliklə gözləyir. Buna baxmayaraq, N. Nərimanov mayın 14-də Dadaş Bünyadzadəni Qarabağ məsələsi üzrə fövqəladə komissar elan edir və Sultanovun İnqilabi Komitəsinin ləğv edilməsi əmrini verir.
Nəticədə mayın 22-də Sultanov həbs edilir və məhkəməyə verilir. O, qazamatdan qaçmağa nail olur və 1923-cü ilə qədər hakimiyyətə müəyyən dərəcədə müqavimət göstərdir. 1923-cü ildə Sultanov əvvəlcə İrana, oradan da Türkiyəyə köçür. Sonralar gizli olaraq İranda, Fransada və Almaniyada yaşayır.
Sultanov mühacirət hərəkatının fəal iştirakçılarından biri olub. 20-ci illərdə Təbrizdə və İranın başqa yerlərində yaradılan “İttihad” partiyasının yerli şöbələri vasitəsilə Azərbaycanda sovet hakimiyyətinə qarşı aparılan hərəkata nəzarət edib. O, tez-tez yerini dəyişirdi.
Deyirlər ki, 1936-cı ildə ermənilər onu Trabzonda öldürmək istəyiblər, lakin o, yaxasını qurtara bilib. Almaniyada Sultanov Tibb Universitetinin professoru kimi çalışıb. Belə hesab olunur ki, o, azərbaycanlı hərbi əsirlərin həyatında mühüm rol oynayıb. Sonradan Trabzona köçüb və elə burada da 1947-ci ildə vəfat edib.
Toğrul Maşallı
owww.oxu.az
Rəylər