Xüsusilə külli-miqdarda mənimsədə ittiham edilən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sabiq vəzifəli şəxsi Səday Alıyevin cinayət işi üzrə məhkəməsi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Prokuror Saday Əliyevin barəsində olan polisin nəzarətində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını təklif etsə də, məhkəmə vəsatəti təmin etməyib və işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası 11 noyabra təyin edilib.
Saday Alıyev 3 milyon manat mənimsəmədə ittiham olunur.
ADSEA-da şöbə müdiri vəzifəsində çalışan S.Alıyevin fəaliyyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində məhkəməyə qədər polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki "İri Şəhərlərin Su Təchizatı" QSC zərərçəkmiş qismində tanınıb.
Elgün Həsənli