“Böyük futbola gedən yol məhəllədən başlayır” prinsipinə əsaslanaraq, sağlam həyat tərzinin təbliği və uşaqların futbola marağının artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən “Məhəllə futbolu” layihəsi 2016-cı ildə yenidən bərpa edilib. Layihə çərçivəsində futbol oynamaq üçün heç bir şəraiti olmayan həyətdə bir ay müddətində bir səyyar futbol meydançası quraşdırılır.
Ötən ilin yay aylarında Bakının iki məhəlləsində tətbiq edilmiş layihə bu ildən etibarən “PAŞA Sığorta”nın dəstəyi ilə qarşıdakı 4 il ərzində Bakıda və digər şəhərlərimizin məhəllələrində davam edəcək.
Səyyar meydançaların əhalinin istifadəsinə pulsuz verilməsi ilə yanaşı, meydançalarda AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən pulsuz futbol dərsləri də keçirilir. Əhalinin futbola marağını artırmaq üçün mütəmadi olaraq milli komandalarımızın üzvləri meydançaları ziyarət edir və məhəllə sakinləri ilə birgə futbol oynayırlar.
Bu il “Məhəllə futbolu” layihəsi mart ayında Şəki şəhərindən start götürdü. Bu cür layihələr, xüsusilə regionlarda böyük maraqla qarşılanır. Şəki şəhərindəki 19 nömrəli məktəbin həyətində quraşdırılan meydançadan idman dərsləri vaxtı məktəblilər, günün digər vaxtlarında isə yaxınlıqda yaşayan sakinlər istifadə edirdilər. Ümumilikdə, 30 gün ərzində 1000-dən çox insan meydançada futbol oynayıb.
Meydançanın quraşdırılması üçün bir neçə şərti nəzərinizə çatdırırıq:
1) Meydança şəkildə gördüyünüz ölçülərə tam uyğun olmalıdır;
2) Meydança quraşdırılacaq ərazinin səthi düz olmalıdır;
3) Quraşdırılan meydança məhəllə sakinlərini narahat etməməli, məhəllə sakinləri və avtomobillərin hərəkətinə maneə törətməməlidir;
4) Məhəllədən 1 nəfər məsul şəxs quraşdırılan meydança və təqdim olunan avadanlıqlara cavabdeh olmalıdır.
Əgər meydançanın sizin məhəllənizdə də quraşdırılmasını istəyirsinizsə, AFFA-nın rəsmi “Facebook” səhifəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA və ya marketing@affa.az ünvanı vasitəsilə müraciət edə bilərsiniz.


U.A.
www.oxu.az