Baku TV-nin efirində "Amin" verilişinin yeni buraxılışında ilahiyyatçı Ağa Hacıbəyli ilə tənhalıq, mənəviyyat, insanın cəmiyyətlə münasibəti və müasir həyatın yaratdığı problemlər müzakirə olunub.
Ağa Hacıbəyli insanın özünü Yaradanın qulu kimi dərk etməsinin ona mənəvi rahatlıq verdiyini qeyd edib:
"İnsan bunu qəbul edəndə ki, bəli, mən Yaradanın quluyam, mənim vəzifələrim var, mən bu vəzifəni yerinə yetirməliyəm, orada sakitlik başlayır. Onda nə qədər böyük xəstəlikləri, çətinlikləri, iqtisadi problemləri olsa da, insan çökmür. Çünki bilir ki, onun arxasında duran bir qüdrət sahibi var".
İlahiyyatçı müasir insanın niyə tənhalaşdığını və insanların sosial şəbəkələrdə çoxsaylı əlaqələrə baxmayaraq, real həyatda getdikcə daha çox təcrid olunduğunu da izah edib:
"Müasir insan, əslində, tənha yaşayır. Dostları çox azdır. İnsanlar daha az qonaq getməyə başlayıblar. Gənclərin həyatına baxsaq, demək olar ki, tərk olunmuş vəziyyətdədirlər. Müasir insan tənha yaşamağa, izolyasiyanın içində yaşamağa sanki özünü məhkum edib".
Ağa Hacıbəyli ən böyük fitnənin insanın öz daxilində baş verdiyini vurğulayıb: "Bizim ən böyük çıxardığımız fitnə, əslində, öz daxilimizdədir, öz niyyətimizdədir. Onu pozuruq, onu dəyişirik. Hər şey buradan başlayır".