Ağcabədi rayonunda traktora bir neçə qoşqunun qoşulması və əsas hərəkət zolağında təhlükə yaratdığı sürücülərin narahatlığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə rayonun "4 yol" kimi tanınan ərazisində qeydə alınıb. Görüntülərdə traktora ot yüklənmiş səkkiz qoşqunun qoşulduğu əks olunub. Bu vəziyyətdə əsas hərəkət zolağına çıxan traktor digər nəqliyyat vasitələri üçün təhlükə yaradıb.
Diqqətçəkən əsas məqamlardan biri isə yüklü qoşqulardan birinin üzərində bir neçə nəfərin daşınması olub. Hərəkət zamanı vətəndaşların bu şəkildə daşınması onların həyatını ciddi təhlükə altına qoyur və mümkün qəza zamanı ağır nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, müvafiq qanunvericiliyə əsasən, qoşqu üzərində insanların daşınması təhlükəlidir və yol hərəkəti qaydalarının tələblərinə ziddir. Bundan əlavə, "Yol hərəkəti haqqında" Qanunun 36-cı maddəsinə əsasən, hər bir sürücünün yol hərəkətinin təhlükəsizliyini təmin etmək və təhlükə yaratmamaq vəzifəsi var.