“Anadolu” restoranlar şəbəkəsinin müdiri Fikrət Xəlilov girov götürülməsi barədə mətbuatda yayılan xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə virtualaz.org-a açıqlamasında bildirib.
O bildirib ki, 50 yaşlı işçisi iş başında girov götürülüb:
“Cinayətkarlar silahlı olub. Buna baxmayaraq, girov götürülən şəxs onlara müqavimət göstərərək qaçıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Hazırda istintaq gedir. Girovun qaytarılması üçün 500 min manat pul istəmişdilər. Mediada söz-söhbət gəzir ki, bəlkə mənim cinayətkar tərəflə bir konfliktim var. Amma qətiyyən belə bir şey yoxdur. Məsələnin mahiyyəti məhkəmədə açıq-aydın bilinəcək”.
18:28
Bakının mərkəzində dünən axşam baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinin məlumatına əsasən, “Anadolu” restoranlar şəbəkəsinin əməkdaşı Mübariz Səmədov şəbəkənin direktor müavini Elmanı girov götürüb.
Silahla təhdid edərək, Səmədov Elmandan “Anadolu” restoranlar şəbəkəsinin direktoru Fikrət Xəlilova zəng etməsini, sonuncudan isə 500 min manat pul gətirməsini tələb edib.
Hadisə yerinə gələn Xəlilov Səmədovla pulun məbləği haqqında razılığa gələ bilməyib və nəticədə onun tərəfindən döyülərək, əli-qolu bağlanılıb.
Lakin Xəlilov hadisə yerindən qaça bilib və baş vermiş hadisə haqqında polisi məlumatlandırıb. Hadisə yerinə gəlmiş polis əməkdaşları direktor müavini Elmanı azad ediblər. Təslim olmaq istəməyən Səmədov polis əməkdaşlarını təhdid edib və bir neçə dəfə havaya atəş açıb.
Faktla bağlı cinayət işi başlanılıb.
15:17
Azərbaycanda adam girov götürmə faktı qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Nizami rayon Polis İdarəsindən bildiriblər.
Məlumata görə, hadisə ötən gecə Heydər Əliyev prospektində yerləşən “Anadolu” restoranlar şəbəkəsinin yeməkxanasında baş verib.
Yeməkxananın əməkdaşı Mübariz Səmədov şirkətin kassirini (adı açıqlanmır) girov götürüb. Kassir müxtəlif yollarla qaçaraq girovluqdan azad olub və bu barədə dərhal polisə məlumat verib.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində M.Səmədovun gizləndiyi yer müəyyənləşib və ora əməliyyat qrupu çıxıb. İfşa olunduğunu görən M.Səmədov polisə silahlı müqavimət göstərib. Hətta o havaya bir neçə dəfə atəş açaraq təslim olmaq istəməyib. Lakin M.Səmədovun məsuliyyətdən yayınma cəhdləri baş tutmayıb və o zərərsizləşdirilərək Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparılıb.
Hazırda həmin faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.