Bu gün Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) təsis edilməsindən 28 il ötür.
Oxu.Az xatırladır ki, qurum 1998-ci il iyulun 18-də ümummilli lider Heydər Əliyevin imzaladığı 854 saylı Sərəncamla təsis edilib.
Həmin gündən 18 iyul ANAMA işçilərinin peşə bayramı kimi qeyd olunur.
Daha sonra, regionda dəyişən təhlükəsizlik şəraiti və artan ehtiyaclar fonunda, Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli 1251 saylı Fərmanı ilə ANAMA publik hüquqi şəxs (PHŞ) statusu alaraq yenidən təşkil edilmiş və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi adlandırılıb.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi zəfəri işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinin həyata keçirilməsini zəruri edib. Bu çərçivədə ANAMA-nın vəzifələri daha da genişlənib və agentlik, həmin ərazilərdə minaların, partlamamış hərbi sursatların (PHS), partlayıcı tərkibli digər təhlükəli qalıqların aşkarlanması, toplanması, daşınması, müvəqqəti saxlanılması və zərərsizləşdirilməsi üzrə əsas icraedici qurum kimi fəaliyyətə başlayıb.
ANAMA yalnız icraçı qurum deyil, eyni zamanda, minatəmizləmə fəaliyyətlərini planlaşdıran, əlaqələndirən və normativ sənədlərlə tənzimləyən mərkəzi dövlət orqanıdır. Agentlik həm hökumətdaxili, həm də beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə fəaliyyət göstərir, eləcə də icra edilən minatəmizləmə əməliyyatlarını tənzimləyir və zəruri metodoloji dəstəklə təmin edir.
Agentliyin həyata keçirdiyi əməliyyatlar Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun şəkildə təşkil olunur. Bu, əməliyyatların təhlükəsizliyini, effektivliyini və şəffaflığını təmin edir.
ANAMA-nın çoxillik fəaliyyəti nəticəsində, 1998-ci ildən 2020-ci il noyabrın 10-dək ümumilikdə 543 094 633 kvadratmetr ərazi minalardan və partlamamış sursatlardan təmizlənib, 809 328 ədəd mina və PHS aşkarlanaraq zərərsizləşdirilib. Bu nəticələr təkcə statistik göstəricilər deyil - həm də minlərlə insanın həyatının və rifahının təmin olunmasına xidmət edən təhlükəsizlik tədbirlərinin bir göstəricisidir.
Qeyd edək ki, qurum işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətini davamlı həyata keçirir. Belə ki, son açıqlanan rəqəmlərə görə, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 287 385 ha ərazi təmizlənib, 255 200 (189 097 ədəd digər partlayıcı sursat, 42 235 ədəd piyada əleyhinə mina, 23 868 ədəd tank əleyhinə mina) mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.