Kubra Məhərrəmova yazır...
Bu nə bəxtdir, nə taledir, bilmirəm...
Bildiyim odur ki, biz elə bir ölüb, min dirilməliyik.
Biz elə döyüş vəziyyətində olmalıyıq. Başqa çarəmiz yoxdur. Bu şərəfsiz yığını ilə qiyamətə qədər yaşamalıyıq. Bir əlimiz çörəkdə, bir əlimiz silahda.
Müharibə bitdi, yaralarımızı sarıyıb oturduq. Müharibədə döyüşən oğullardan qalan-qaldı, gedən-getdi, barışdıq.
Çünki hamımız üçün bəlli idi ki, axır bizdən kimsə getməlidir bu torpaqların dalınca, yoxsa başqa cür olmur.
Dünən Ermənistanın növbəti hərbi təxribatı nəticəsində yeddi oğul itirdik. Yeddi ana quzusu məxmərli tabutda anasının üstünə gəldi. Yeddi evin çırağı söndü. Yeddi ana ömürlük bədbəxt oldu.
Yeddi yeni məzar qazıldı...
Məndən olsa, yeddi dəfə Ermənistanı şumlayıb keçərəm üstündən. Yeddi min dəfə lənətləyərəm. Yerlə-yeksan edərəm...
Səhər balamı qucaqladım. Bərk-bərk qucaqladım. “Bilinmir səninlə nə vaxt ayrılacağıq” deyə düşündüm. Sən də üç-beş mövsümə əsgərsən. Anasının quzusu, sən də silahlanıb gedəcəksən evindən uzaq, torpaqları qorumağa. Sağmı gələcəksən, salamatmı? Bilmirəm. Səninlə həyətdə top oynadan uşaqlar da gedəcək.
Həyətdə top deyil, meydanda top atacaqsınız. Sonra nə olar, nə olmaz.
Anasının quzusu, təki sağ gələsiniz. Daha müharibə olmasın.