Ölkəmizdə icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə 1232 aztəminatı ailəyə aktivlər verilərək, onların müxtəlif iqtisadi fəaliyyət növləri üzrə və biznes-planlarına uyğun şəkildə fərdi təsərrüfatlarını yaratmalarına nail olunub.
Oxu.Az-ın xəbərinə görə, özünüməşğulluq proqramı iştirakçıları arasında şəhid ailələri də vardır və həmin ailələrin əmək potensiallarının reallaşdırılması yolu ilə gəlir imkanlarını artırmalarına, kiçik biznesə çıxış imkanı qazanmalarına şərait yaradılır.
Belə ailələrdən biri də aprel döyüşləri vaxtı şəhid olan Nazim Zəkərəyevin ailəsidir (Şamaxı rayonu). Həmin ailə də özünüməşğulluq proqramına cəlb edilib və heyvandarılıqla məşğul olmaq üçün hələ 2017-ci ilin may ayında onlara iribuynuzlu mal-qara alınıb verilib. Bununla belə, bəzi media orqanlarında özünüməşğulluq proqramına cəlb olunmaq üçün guya ailənin başçısı Nadir Zəkərəyevdən ingilis dilini bilməsinin tələb edilməsi barədə qeyd edilənlərin heç bir əsası yoxdur.
Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Nazim Zəkərəyevin ailəsinin əmək pensiyası və Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan aylıq təqaüdü ilə təminatı da həyata keçirilir.
14:23
Aprel döyüşləri vaxtı Seysulan istiqamətində şəhid olan Nazim Zəkərəyevin ailəsi acınacaqlı duruma düşüb. Dövlətdən verilən pensiyadan başqa gəliri olmayan və vaqonda yaşayan şəhid ailəsi Şamaxı rayon İcra Hakimiyyətindən narazılıq edir.

Oxu.Az BakuPost.az-a istinadən xəbər verir ki, 38 yaşlı Şaxanım Zəkərəyeva bildirib ki, oğlu şəhid olandan sonra xəstəlik tapıb: “Nəfəs ala bilmirəm, ürəyimdə problem var, ayaqlarım da ki, sözümə baxmır. Bu yaşımda 60 yaşlı adam kimi xəstəliklərdən əziyyət çəkirəm”

Şəhid anası deyir ki, oğlu şəhid olduqdan sonra müalicəsi üçün evlərini satıblar, indi isə çay qırağında qaz və işığı olmayan vaqonda yaşayırlar.

Ailə başçısı Nadir Zəkərəyev 1 ildən çoxdur ki, əkin-biçinlə məşğul olmaq üçün icra hakimiyyətindən bir neçə sot torpaq istədiklərini, lakin ala bilmədiklərini əlavə edib. N. Zəkərəyev İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərdar Ömərovun da qəbulunda olduqlarını bildirib: “Sərdar müəllim icrada torpaq verilmə işlərinə baxır. Deyir, torpaq yoxdur. Deyirəm, necə olur axı, bu boyda Şamaxıda torpaq yoxdur?”
Zəkərəyevlərin sözlərinə görə, rayonun Şəhriyar qəsəbəsində şəhid ailələri üçün 36 mənzilli bina tikilib, onlar ev növbəsinə yazılsa da, bu binadan onlara pay düşməyib.

Nadir Zəkərəyev daha bir ilginc məsələ barədə danışıb: "Uşaq şəhid olanda Rabitə və Texnologiyalar Nazirliyindən 7 mərasiminə gəlmişdilər. Nazirlik nümayəndəsi dedi ki, sizə iş verəcəyik, yas bitəndən sonra işə başlayarsınız. Bu vaxt orada İcra Hakmiyyətinin nümayəndəsi Ceyhun da var idi, dedi ki, ona iş vermək mənlikdir, mən düzüb-qoşacağam. Hüzürdən sonra getdim Ceyhunun yanına, dedim belə-belə, cavab verdi ki, iş yoxdur. Mən də kor-peşman qayıtdım geri. Nə imkan verdi nazirlikdə işə düzəlim, nə də özü bir iş verdi. Hər yerdən əlimiz üzülüb, indi də şəhid ailəsinə verməyə bir neçə sot yer tapılmır”.
A.H.