Oxu.Az Publika.Az-a istinadən Azərbaycanın tanınmış gənc yazıçılarından olan Aqşin Yeniseyin artıq ikinci gününü qeyd etdiyimiz müqəddəs Ramazan ayı ilə bağlı yazdığı və böyük səs-küyə səbəb olmuş yazısını oxucularına təqdim edir.
“Türk arkadaşlar demiş, ayların sultanı, imperatoru, prezidenti, prokuroru, canım sənə desin, meqastarı olan Ramazan ayı yenə özünü yetirdi; yenə müsəlman bacı-qardaşlarımız min dörd yüz ildir üzərində baş sındırdıqları bu ay ərzində necə oturub-durmalı, necə çimib-qurulanmalı, saqqala necə xətt qoymalı, əti hansı çənə ilə çeynəməli kimi dərin və vacib məişət suallarına cavab axtarmağa başlayacaqlar. Yenə ilin on bir ayı heç kimin yadına düşməyən, xarab olmasın deyə anbarlarda turşu bankalarında saxlanılan min dörd yüz illik cavabların ağzı açılacaq. Xocanın biri gedəcək, o biri gələcək. Telekanallarda müğənnilərin yerini mollalar, kliplərin yerini xütbələr tutacaq.
Kütləvi aclıq mövsümünün başlamasına bircə gün qalmış dini yönümlü türk telekanallarının birində artıq mövsümün ilk sualı səsləndi; yayıma canlı bağlantı ilə qoşulan, Ərdoğanın çoxsaylı hakimiyyət dirəklərindən biri başıbağlı Naciyə xala efirdəki üləmalardan soruşdu ki, Ramazanda dişlərimizi necə yumalıyıq? Ustad din xadimləri ağız-ağıza verib, müxtəlif hədislərdən, dini başagəldilərdən sitatlar gətirdilər, iki ayağını bir başmağa dirəyib “Qəti yumaq olmaz” deyən xoca əfəndi isə fikrini onunla izah etdi ki, orucluq nazil olunanda nə “Aquafresh” adlı diş məcunu var idi, nə də onu dişə sürtmək üçün fırça. Odur ki, ay boyunca dişə əl vurmaq olmaz və beş-altı çürük dişin natəmizliyi insanın mənəvi paklığını korlaya bilməz.
Bu vaxt başqa telekanaldan xəbər gəldi ki, müsəlman ölkəsi olan və gündə üç evnə inqilab eləyən Misirdə ordu məsciddə sübh namazı qılan əhaliyə atəş açıb: 32 ölü, 188 yaralı.
Xocalara verilən ikinci sual özünü gecikdirmədi; orucluq ayında çimərliyə getmək olar, ya yox? Çünki orucluq təkcə mədə-bağırsağın deyil, həm də gözün nəfsini sınağa çəkmək üçündür.
Sinədəftərliyində birincisindən də beş çömçə yuxarı olan ikinci üləma cavab verdi ki, olar, ancaq bunun özünəməxsus şərtləri var. Birinci şərt budur ki, gərək ağzını, burnunu “skoçlayasan”. Çünki birdən tamahını saxlaya bilməyib bir-iki qurtum duzlu dəniz suyu içərsən, it də əldən gedər, ip də (bu el məsəlinin özünə də əl gəzdirmək lazımdır; itlə ipin nə əlaqəsi?). İkinci və daha vacib şərt budur ki, gərək çimərliyə gözübağlı gedib, gözübağlı qayıdasan. Nöşün ki, birdən cinsəl nəfsinizi boğa bilməyib çimərlikdəki yanbızıaçıq, “sinə meydan, zülf pərişan” zənənlərə baxarsınız və bunun da cəzası cəhənnəmdə minimum odlu gürzə olacaq. Bu yerdə mənim ağlıma iyi bir fikir gəldi: bəlkə, orucluq ayı builki kimi qorabişirən yay fəslinə düşəndə çimərliklərin bir hissəsində “Ramazan çimərlikləri” açılsın.
Çox da xərc aparan iş deyil, beş-altı tiri yerə basdırıb kilimlə, palazla hasarlayırsan və çimərliyə qədər gözübağlı gələn oruclularımız hasarlanmış ərazidə rahatca gözüaçıq çimir, yenidən gözlərini bağlayıb evlərinə dağılışırlar. Lakin bu yerdə naməhrəm bir sual yaranır, birdən kimsə palazın ətəyini qaldırıb o biri tərəfdəki naməhrəm zənənlərin bu müqəddəs ay üçün münasib olmayan bədən nahiyələrinə göz gəzdirsə necə olacaq? Hə, bax burda keçi qalır çayın o biri üzündə. Xoca əfəndilərimiz bu suala hıqqana-hıqqana cavab axtardığı vaxt xəbər gəldi ki, müsəlman ölkəsi olan Suriyada ordu namaz vaxtı Hələb şəhərindəki məscidlərin birinə havadan zərbə endirib; 53 ölü, 146 yaralı.
Yaxşı, tutalım, çimərlikdə palaz arasından qız-gəlinin ora-burasını güdən olmadı, bəs çal-çağır proqramlarındakı lüt-ətcə modellərlə, müğənnilərlə məsələni necə çürüdək? Çünki bu zənən tayfası efirə çıxanda çimərlikdəkilərdən də yuxa geyinir. Tutaq ki, iftarımızı açana qədər ac qarnımızı sığallaya-sığallaya televizoru yandırdıq və təsadüfən ilk gözümüzə görünən də bu lüt-üryan “sənət adamları” oldu. Onda başımıza haranın daşını tökəcəyik?
Daş dedim yeni xəbər gəldi. Müsəlman ölkəsi olan kor xəlifənin vətəni İraqda iki məscidin həyətində terror aksiyası törədilib, daş-kəssək altında; 65 ölü, 236 yaralı.
Şəkilli Bibliya kitabında belə bir şəkil var: İsa Məsih qucağında quzu boynubükük dayanıb. Əslində, bu şəkildə xristian peyğəmbəri dayandığı yerdə yox, qaçdığı, aradan çıxdığı yerdə təsvir olunmalıydı. Şəkildəki quzu bəşər tarixində Allah yolunda qurban kəsilməkdən xilas edilmiş ilk heyvandır. Gənc İsa ilk dəfə yəhudilərin öz məbədlərində təşkil etdiyi qurbanvermə mərasiminə gəlir və hər yerdə boğazından qan axan, çabalaya-çabalaya can verən quzuları, tonqalda yandırılan göyərçinləri görür və gördüklərindən dəhşətə gəlir.
Tarixi mənbələrə görə, yəhudilər hər il qurban mərasimlərində ölkənin hər yerindən axışıb Yerusəlimdə baş məbədə gəlir, özləriylə gətirdikləri qurbanlıq quzuları ucdantutma doğrayır, bir cüt ayağıbağlı göyərçini isə tonqalda yandırırdılar. Onların inancına görə, Allahın ildə bir dəfə qana və yanıq ət qoxusuna ehtiyacı var idi. İsa yaşının azlığına baxmayaraq, ilk dəfə bu qanlı-qadalı dində islahatlar aparmaq fikrinə düşdü və anası Məryəmi təhriki ilə otardığı sürüdən qamarlayıb Allah yolunda kəsmək üçün gətirdiyi quzunu qucağına alıb məbəddən qaçdı.
Bundan əvvəl isə İbrahim peyğəmbər belə bir dini islahat aparmışdı; Allah yolunda insanı (yəni övladı İsmayılı) deyil, bir cüt qoçu qurban kəsmişdi və kütləni buna inandırmaq üçün özündən rəvayət də uydurmuşdu ki, Allah özü uşağın kəsilməsini istəməyib, göydən bir cüt qoç göndərmişdir.
Yəni demək istədiyim odur ki, Allahın özü belə göndərdiyi peyğəmbərlər vasitəsilə insanın dini dünyagörüşündə müxtəlif islahatlar aparmışdır. Biz isə hələ də ətəyimizə pul və daş yığıb, Allaha tapınmaq və şeytanı daşlamaq üçün Ərəbistana gedirik. Sanki, Allah da, şeytan da orada, Ərəbistanın qumlu, yulğunlu səhralarında qapıqonşudurlar”.