May ayında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nəzdində fəaliyyət göstərən 107.7 “AvtoFM” radiosunun birgə layihəsi olan “ASAN Cavab”ın 1 yaşı tamam oldu.
Oxu.Az xəbər verir ki, 2014-cü ilin mayında FM dalğasında yayıma başlayan yeni veriliş qısa bir zamanda dinləyicilərin geniş rəğbətini qazanıb, on minlərlə insan “AvtoFM”in yayımladığı “ASAN Cavab” vasitəsilə suallarına cavab tapıb.
“ASAN Cavab”ın 1 yaşının tamam olması ilə bağlı biz Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovla görüşdük və öz suallarımızı ona ünvanladıq.
“ASAN xidmət” kifayət qədər vətəndaş məmnunluğuna nail olmuş, bir çox xidmətləri vahid məkanda toplayan dövlət qurumudur. Bu gün “ASAN xidmət”in “AvtoFM” radiosu ilə birgə həyata keçirdiyi “ASAN Cavab” verilişinin də populyarlığı kifayət qədər yüksəkdir. Bu layihə barədə danışmağınızı istərdik.

- “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən aktiv şəkildə PR, təbliğat-təşviqat və maarifləndirmə işlərinə başlayıb. Yəni, xidmətin mahiyyətini, məqsədini anlamaq üçün bu vacib idi. Operativ xidmətlərin göstərilməsi, vətəndaşların əlavə vaxt və xərc itkisinin qarşısının alınması, dövlət və özəl şirkətlərin təqdim etdiyi xidmətlərdən vahid məkanda yararlanmaq “ASAN xidmət”in işə başlayarkən qarşısına qoyduğu məqsədlərdən idi.
O qeyd edib ki, “ASAN xidmət”in aktiv fəaliyyətinə KİV-dən də kütləvi şəkildə dəstək gəldi.
“KİV vasitəsilə mövcud fəaliyyət, dövlət rüsumları, zəruri sənədlər, xidmətlər barədə məlumatlar mütəmadi qaydada işıqlandırılır. Belə bir əməkdaşlıq “AvtoFM” radiosu ilə də davam etməkdədir. “AvtoFM” radiosunda yayımlanan “ASAN Cavab” verilişinin yaradılması barəsində təklif media sahəsində tanınmış sima, “AvtoFM” radiosunun baş direktoru Elnur Baimovdan gəldi.
O bildirirdi ki, vətəndaşlar sənədləşmə məsələlərində məlumatsızdırlar və bu barədə əhalinin kifayət qədər sualları var. O düşünürdü ki, belə bir layihə ilə insanların tələbatını qarşılamaq olar. Daha sonra onun ideyası əsasında belə bir layihə reallaşdı. Sizə deyim ki, layihənin ərsəyə gəlməsi üçün bir neçə dəfə ideya ətrafında müzakirələrimiz olub. 2014-cü ilin may ayında canlı efir radioda yayımlandı.

İnformasiya təminatı şöbəsinin əməkdaşları və mən ilk verilişdə iştirak etdik. Biz vətəndaşların “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, göstərilən xidmətlər, sənədlər, dövlət rüsumları barəsində suallarını efir vasitəsilə operativ şəkildə cavablandırmağa başladıq.
“ASAN xidmət”in ilk gündən qarşısına qoyduğu məqsədlərdən biri əlçatanlığın təmin olunması bu layihədə də öz əksini tapdı. Belə ki, kifayət qədər əlverişli vaxtda - 2 və 4-cü günlər saat 18:00-dan 20:00-dək yayımlanan “ASAN Cavab” verilişi (kiminsə işdən çıxıb evə getdiyi, kiminsə tıxacda gözlədiyi vaxt) vətəndaşlarımıza bir zəng yaxud ismarıcla efirə qoşularaq suallarına asan cavab tapmasına şərait yaratdı.
Düşünürəm ki, layihə kifayət qədər uğurlu oldu. Bizim əməkdaşlar üçün də layihədə iştirak yeni bir təcrübə idi”, - deyə, A.Hüseynov qeyd etdi.
İndi isə “ASAN Cavab”da səsini eşidib, üzünü görmədiyimiz ASAN əməkdaşları barəsində.
Könül İsmayılova Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin doktorantıdır. Adıçəkilən fakültənin beynəlxalq hüquq fakültəsi üzrə, həm bakalavr, həm də magistr dərəcəsi üzrə təhsil alıb. Könül deyir ki, “ASAN xidmət” mərkəzində də iki ildən artıqdır ki, fəaliyyət göstərir:

“Canlı efirdə tamam fərqli istiqamətdə suallar verilə bilər. Buna görə də, “ASAN xidmət”i efirdə təmsil edən əməkdaşın nəzəri bilik bazası vacib idi. Bundan başqa, efirdə özünü itirməmək də vacib nüanslardandır. Bu bacarıqlara malik olan əməkdaşlar seçilirdi. Belə ki, efirdə cavablandırdığın hər suala görə məsuliyyət daşıyırsan”.
Kərimova Fəridə də Bakı Dövlət Universitetində fransız dili fakültəsində təhsil alıb. Hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə fakültəsi üzrə ikinci təhsilini alır. Fəridə “ASAN xidmət” mərkəzində ilk vaxtlar könüllü olaraq fəaliyyətə başlayıb:
“Əslində birinci dəfə idi canlı efirdə iştirak edirdim. Tez həyəcanlanan insan olduğumdan mənim üçün çətin idi. Layihəyə təzə qoşulmuşam. İlk vaxtlar təcrübəsi çox olan əməkdaşlarımız mənə bu sahədə köməklik göstərirdilər. Verilişdə müxtəlif suallar səsləndirilirdi. Bunlar da əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi və s. kimi xidmətimizə aid olan suallarla bağlı olurdu”.
Bayramova Günay isə Azərbaycan Kooperasiya Universitetinin məzunudur. O da “ASAN xidmət”də könüllü olaraq fəaliyyətə başlayıb. Hazırda digər həmkarları kimi xidmətin informasiya təminatı şöbəsində çalışır:

“İlk dəfədir belə bir layihəyə qatılıram. Xidmətə aid olmayan suallarla qarşılaşdığımız zaman çalışırdıq ki, səlahiyyətlərimiz çərçivəsində vətəndaşları düzgün istiqamətdə yönləndirə bilək. Bununla yanaşı efirdə gülməli hadisələr də baş verirdi. Düşünürəm ki, bu, efir həyəcanını qismən də olsa azalda bilirdi”.
Aynur Bağırova Bakı Dövlət Universitetinin cinayət hüququ üzrə magistr tələbəsidir, elə həmin universitetin beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili alıb. Aynur artıq iki ildən çoxdur ki, “ASAN xidmət”in əməkdaşıdır, Agentlik fəaliyyətə başladığı ilk günlərdən orada çalışır:
“Bu radio layihəsinə cəlb olunan ilk əməkdaşlardan biriyəm. Bizdən qanunvericilik aktları barəsində bilmək, düzgün nitq, uyğun səs tonu tələb olunurdu. Düşünürəm ki, məhz bu tələblərin sayəsində “ASAN Cavab” layihəsi vətəndaşlar tərəfindən sevilərək dinlənilir”.
Çətinlik və asanlıqla cavablandırdığınız suallar?
Aynur Bağırova: “Verilişdə SMS, Sosial şəbəkələr və canlı bağlantı vasitəsi ilə ünvanlanan sualları biz asanlıqla cavablandıra bilirik, çünki gündəlik işimizdə də mütəmadi qaydada eyni cür sualları cavablandırırıq. Bəzən daha detallı dəqiqləşdirilməli hallarda vətəndaşı 108 Çağrı Mərkəzinə yönləndiririk”.

Bir il nə ilə yadda qalan oldu?
Könül İsmayılova: “Mən və əməkdaşlarımızın fəaliyyət istiqamətləri elədir ki, biz heç vaxt düşünməzdik ki, canlı efirdə ola bilərik. Belə ki, efirin maraqlı olması DJ-dən asılıdır. Canlı efir həyəcanının yox olması üçün iştirakçılardan daha çox verilişi idarə edən aparıcının üzərinə yük düşür. Elə bir nüans olmurdu ki, DJ Aydın (verilişin aparıcısı) ona öz şərhini bildirməsin. Veriliş boyu səsləndirilən sual və cavablara DJ Aydının özünəməxsus şərhləri efiri daha da maraqlı edirdi”.
Aynur Bağırova: “Yeni insanlarla tanış oldum, radio mühitini tanıdım və öyrəndim ki, hansı mühitdə olursansa ol, əgər işini diqqətli və məsuliyyətli görsən nəticə arzuladığın kimi olacaq”.
Oxu.Az “ASAN Cavab” verilişinin aparıcısı DJ Aydının verilişlə bağlı təəssüratlarını öyrənməyi də yaddan çıxarmadı.

DJ Aydın bildirir ki, radio efir məkanında ilk dəfə olaraq belə bir layihə məhz “AvtoFM” radiosunda yayımlanıb:
“Əvvəla onu deyim ki, “AvtoFM”-in efirində 5 veriliş yayımlanır. Efirimizdə yayımlanan verilişlərdən ikisi əyləncəli, üçü isə maarifləndirici xarakter daşıyır. (“ASAN Cavab”, “İnspektor” və “Dispetçer”). Bu günlərdə onlardan birinin, “ASAN Cavab” verilişinin 1 yaşı tamam oldu. Bu layihə “AvtoFM”-in növbəti uğurlarından biridir. Ona görə ki, Azərbaycan radioməkanında ilk dəfə olaraq biz “ASAN xidmət”ə ünvanlanan sualları canlı efirdə cavablandırırıq. Cavablandırırıq deyəndə, təkcə mən yox, xidmətin peşəkar əməkdaşları ilə birgə çətin suallara asan cavab veririk.
Onu da xüsusi vurğulayım ki, onlarla işləmək mənə zövq verir. Çünki işini mükəmməl bildikləri üçün mən aparıcının çiyninə o qədər də yük düşmür. Sağ olsunlar! (Könül İsmayılova, Aynur Bağırova, Fəridə Kərimova, Günay Bayramova). Bir il ərzində biz vahid bir komanda şəklində 7-8 min insanın suallarına aydınlıq gətirmişik. Fürsətdən istifadə edib, mənə bu işdə yaxından köməklik göstərən prodüserim, işinin fədaisi olan Tural Vəlimətova öz təşəkkürümü bildirirəm. Əminəm ki, “AvtoFM” kollektivi bundan sonra da ilklərə imza atacaq” - deyə, verilişin aparıcısı qeyd edib.
Sonra bir daha qeyd edək ki, “ASAN Cavab”ın fəaliyyət göstərdiyi bir il ərzində artıq on minlərlə insan öz sualına cavab tapa biliblər. Biz isə öz növbəmizdə həmkarlarımıza – “AvtoFM”-in və “ASAN Xidmət”in əməkdaşlarına vətəndaşlarımızın həyatını asanlaşdırmaq istiqamətində göstərdikləri fəaliyyətində uğurlar arzulayırıq!

Ülviyyə R. Əli
www.oxu.az