Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunan rəsmi qəbul təşkil olunub.
Oxu.Az-a bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Tədbirdə Pakistan hökumətinin yüksəksəviyyəli rəsmiləri və Pakistan ordusunun yüksəkrütbəli zabitləri, Milli Assambleyanın üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, hərbi attaşelər, dövlət və ictimai xadimlər, həmçinin ölkənin tanınmış elm, mədəniyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimiz barədə geniş məlumat verib.
Səfir bildirib ki, bu şanlı qələbə ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və Azərbaycan xalqının birliyi sayəsində mümkün olub.
Səfir öz nitqində həmçinin müharibədən sonra Azərbaycanın təklifi ilə başlayan sülh prosesi, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, "Böyük Qayıdış" proqramı barəsində söz açıb.
Tədbirdə Pakistan Hökumətini təmsil edən ali qonaq Pakistanın İnformasiya Texnologiyaları və Telekommunikasiya üzrə Federal Naziri xanım Şaza Fatimə Xavaca Pakistan hökuməti və xalqı adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Gününün 6-cı ildönümü münasibətlə səmimiyyətlə təbrik edib.
O, Pakistan və Azərbaycan arasında dərin köklərə malik tərəfdaşlıq və əməkdaşlıq münasibətlərini vurğulayıb, Pakistanın ticarət, investisiya, informasiya texnologiyaları, müdafiə və digər mühüm sahələrdə ikitərəfli əməkdaşlığı daha da gücləndirməyə sadiq olduğunu ifadə edib.
O, İslamabad şəhərində "ASAN Xidmət" mərkəzinin açılmasına göstərilən dəstəyə görə Azərbaycan Hökumətinə minnətdarlığını ifadə edib və xüsusilə informasiya texnologiyaları və rəqəmsal sektorlarda əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayaraq bildirib ki, Pakistan və Azərbaycan rəqəmsal transformasiya, innovasiya və texnoloji inkişaf sahələrində birgə təşəbbüslərdən faydalana bilərlər.
Nazir, həmçinin çətin dövrlərdə Azərbaycanın Pakistana verdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.
Daha sonra Zəfər Gününə həsr edilmiş film nümayiş olunub və hərbi-vətənpərvərlik mövzusunda milli musiqilər səsləndirilib.
Zəfər Günü münasibətilə təşkil olunan tədbir qonaqlarda dərin təəssürat yaradıb, Azərbaycan və Pakistan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulanıb.