"Rəsulzadə qəsəbəsində bu günədək yüzlərlə vətəndaş artıq çıxarış əldə edib və bu proses 2026-cı ilin 1 yanvar tarixinədək davam etdirilib. Lakin bu müddət ərzində ciddi bir problemlə üzləşmişik. Problem ondan ibarətdir ki, Bakı şəhərində bələdiyyələrin xəritələri verilmədiyinə görə özəlləşdirilən qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri bütövlükdə dövlət torpağı kimi qeydə alınır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.
"Məlum olduğu kimi, özəlləşdirmə prosesi bir neçə mərhələdən ibarətdir və son mərhələlərdən biri də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirilən obyektin yerləşdiyi torpaq sahəsi ilə bağlı müqavilənin bağlanmasıdır. Lakin bu prosesdə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə demək olar ki, rast gəlinmir. Halbuki bələdiyyələr yarandığı gündən Rəsulzadə bələdiyyəsinə ümumilikdə 571.6 hektar torpaq sahəsi ayrılıb. Bu gün isə biz həmin torpaq sahələrinin harada yerləşdiyini faktiki olaraq müəyyən edə bilmirik. Yaşayış məntəqələrinin daxilində yerləşən qeyri-yaşayış obyektlərinin altındakı torpaqlar dövlət torpağı kimi qeydiyyata alınır. Mən hesab edirəm ki, bələdiyyə xəritələrinin verilməməsinin əsas səbəblərindən biri də məhz bu boşluqdan istifadə olunmasıdır. Çünki xəritələr təqdim olunsa, həmin torpaq sahələrinin heç olmasa müəyyən bir hissəsinin bələdiyyə mülkiyyətinə aid olduğu üzə çıxar. Axı bütün torpaqların dövlət mülkiyyətində olması mümkün deyil", - deyə sədr qeyd edib.
O bildirib ki, bu xəritələr bələdiyyələrə təqdim edilsəydi, adıçəkilən qurumlar müəyyən maliyyə imkanları da əldə edə bilərdilər:
"Qarşıdan "Şəhərsalma və Memarlıq İli" gəlir və mən təklif edirəm ki, heç olmasa 2026-cı ildə Bakı şəhərinin bələdiyyə xəritələri təqdim olunsun. Bu məsələ dəfələrlə qaldırılıb, dəfələrlə çıxışlarda səsləndirilib, lakin bu günədək öz həllini tapmayıb. Buna baxmayaraq, ümid edirəm ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Bakı şəhərində yerləşən bələdiyyələr bu xəritələri əldə edə biləcəklər".
Mərahim Nəsib