Bu ATV kanalına qarşı aparılan qara piyardır. Özü də çox uğursuz kampaniyadır.
Bu kampaniyanın arxasında kimlərsə dayanır, yəqin ki, yaxın vaxtlarda bəlli olacaq. Bu kampaniyaya başlayan tanınmamış bir qurumdur. Hər halda onlar istəsəydilər, bizimlə məsləhətləşib, öz fikir və istəklərini açıq şəkildə bildirə bilərdilər. “Ümid var” və “Səni axtarıram” proqramlarında heç bir hüquq pozuntusuna yol verilməyib, əksinə uşaqların hüquqları bərpa olunub. Onların firavan həyata qovuşması üçün addım atılıb.
Oxu.Az Publika.Az-a istinadən xəbər verir ki, bu açıqlamanı “Ümid var” proqramının layihə rəhbəri Nəmənd Rüstəmov verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə mütəmadi işlədiklərini deyən layihə rəhbəri bu kampaniyanın qərəzli xarakter daşıdığını bildirdi:
“Bu kampaniyanın qərəz olduğu açıq şəkildə ortadadır. Qərəz ondan göründü ki, ortada fakt, dəlil, sübut olmadan belə bir kampaniyaya başlayıblar. Bəs niyə sözügedən bu verilişlərin faydası, insanlara köməyi barədə olan yaxşılıqlar sadalanmır?”
Onu da öyrəndik ki, Xoşqədəm Hidayətqızı proqramın çəkilişləri ilə bağlı Rusiyadadır. Buna görə onunla əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.
Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyi məşhur teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevlə bağlı imzatoplama kampaniyasına start verib. Toplanan imzalar 4 quruma - Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) göndəriləcək.