Biləsuvar rayonu ərazisində yerləşən Mahmudçala ovçuluq təsərrüfatına bu il vaxtından tez köç edən yüzlərlə flaminqo müşahidə olunur. Bu mənzərə yerli sakinlərin və təbiətsevərlərin böyük marağına səbəb olub.
Oxu.Az xəbər verir ki, sözügedən təsərrüfat quş növlərinin müxtəlifliyi və qışlama mövsümündə əraziyə toplaşan quşların sayına görə Avropada üçüncü yeri tutur.
Sakinlər bildirirlər ki, ötən il təsərrüfatda yalnız az sayda flaminqo görünürdüsə, bu il böyük sürülər halında toplaşıblar. Mütəxəssislər bunun səbəbini havaların mülayim keçməsi ilə əlaqələndirirlər. Onların sözlərinə görə, bölgədə yaranan iqlim şəraiti flaminqolar üçün ideal qışlama mühiti formalaşdırıb.
Qeyd edək ki, Mahmudçala ovçuluq təsərrüfatı ümumilikdə 7 min 136 hektar ərazini əhatə edir.
Əli Məmmədov