Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azadlıq nişanəsi olan İstiqlal Muzeyi
Azərbaycan İstiqlal Muzeyi 1991-ci ildə yaradılıb.
Muzeyin yaranmasının əsas məqsədi ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizəni ardıcıl olaraq əks etdirməkdən ibarətdir.
Muzeyin zallarında Azərbaycan Respublikasının dövlət atributlarına, xanlıqlar dövrünə, XIX əsrin sonu - XX əsrin əvvəllərində Şimali və Cənubi Azərbaycanda baş vermiş hadisələrə, Azərbaycanın repressiya və II Dünya müharibəsi illərindəki tarixinə, Qarabağ müharibəsinə, 20 Yanvar faciəsinə və respublikamızın müstəqillik dövrünə həsr olunmuş eksponatlar nümayiş olunur.
1989-cu ildə Faiq Həsənov tərəfindən hazırlanan, rənglərinin yeri dəyişik düşən bayraq da burada qorunur. Məlumata görə, həmin bayraq ilk dəfə 1989-cu il 28 may tarixində Qız qalası üzərində dalğalanıb. Bayrağın rənglərinin dəyişik tikilməsi isə çox gec bəlli olub. Buna səbəb o dövrdə komendant saatı tətbiq edildiyindən bayrağın qaranlıq bir otaqda tikilməsi olub. 28 may günü bayrağın qaldırılmalı olduğu saatda yanlış tikildiyi məlum olsa da, F.Həsənov nə olur-olsun bayrağın bu gün dalğalanmalı olduğunu dilə gətirir. 1989-cu il 28 may saat 11:00-da F.Həsənov həmin bayrağı Qız qalası üzərində dalğalandırır. Buna görə sovet əsgəri silahı ona tuşlayaraq bayrağın dərhal endirilməsini tələb edir.
F.Həsənov isə məqsədinə çatdığını deyərək, bayrağı sinəsinə sıxıb və Qız qalasından enərək oradan uzaqlaşıb. 1995-ci ildə həmin bayraq F.Həsənov tərəfindən İstiqlal Muzeyinə təqdim olunub. Bayraq muzey tərəfindən "Müstəqilliyə, istiqlala, azadlığa tələsən bayraq" adlandırılıb.
Daha çox foto burada: PhotoStock.Az