9-10 may 2014-cü il tarixində Azərbaycan Fotoqrafları Birliyi Böyüq Qafqaz dağlarının yüksək zirvələrindən biri olan “Heydər” zirvəsinə “Foto yürüş”ü uğurla başa vurublar.
“Foto yürüş” Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunub. Yürüşün əsas məqsədi Ümummilli liderimizin adına olan zirvəni ziyarət etmək və əsrarəngiz təbiətin yüksək professionallıqla fotolarını çəkmək idi.
AFB-nin 15 üzvündən ibarət qrup da 20-58 yaş arasında olan fotoqraflarla bir komanda kimi birləşiblər.
Yürüşə 9 may tarixində start verilib. Həmin gün Xınalığa çatan dəstə 3000 metr hündürlükdə olan düşərgəyə qalxıblar. Düşərgədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Parkı qoruğu tərəfindən ən yüksək səviyyədə lazım olan bütün şərait yaradılıb.
10 may saat 08.00-da “Foto yürüş” iştirakçıları düşərgə meydançasındakı bayrağın altında sıraya düzlənib. Hava da çox sevindirici – günəşli və isti olub. İştirakçıların hazırlığı yoxlanılıb.
Lazımi avadanlıq və geyimlər yoxlanıldıqdan sonra dəniz səviyyəsindən 3000 metr hündürlükdən yürüş başlanıb. Yürüş iştirakçıları çətin keçilən aşırımdan keçərək zirvəyə dörd saatlıq yürüş ediblər. Marşrut boyu qar və buzla örtülmüş əraziləri keçərək zirvəyə çatıblar. Fotoqraflar keçdikləri yol boyu ətrafda olan füsunkar təbiəti və yürüş iştirakçılarının maraqlı epizodlarını fotolara alıblar.
Düşərgədə zirvəyə qalxanlara Azərbaycan Hava və Ekstrimal İdman Növləri Federasiyasının sertifikatları verilib. Səfərin maliyyələşdirilməsi isə “Turanbank” tərəfindən həyata keçirilib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yürüşdən sonra fotoqrafların hazırladığı fotolardan ibarət sərginin yaranması da nəzərdə tutulub.