Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin (BİK) "Məzun günü" keçirilib.
Oxu.Az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Qurani-Kərimdən ayələr tilavət olunub.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Çıxışlarda təhsil müəssisələrinin ölkəmizdə yüksəkixtisaslı dini kadrların hazırlanmasında mühüm rol oynadığı vurğulanıb, məzunların qazandıqları bilik və bacarıqları cəmiyyətin inkişafına töhfə vermək istiqamətində uğurla tətbiq edəcəklərinə əminlik ifadə olunub.
Tədbir çərçivəsində Aİİ və BİK-in tələbələrinin ifasında Hüseyn Cavidin "Vətən", Əliağa Vahidin "Vətəndir" və Həmzə Nigarinin "Qarabağ" şeirləri əsasında hazırlanmış qəzəl kompozisiyası təqdim olunub.
Daha sonra Aİİ-nin bakalavr və magistratura səviyyələri, eləcə də BİK-in məzunları adından çıxışlar dinlənilib. Məzunlar təhsil aldıqları müddətdə qazandıqları bilik və təcrübəyə görə müəllimlərinə və institut rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əvvəlki illərinin məzunları çıxış edərək təhsil aldıqları dövrə dair xatirələrini bölüşərək hazırda fəaliyyət göstərdikləri sahələrdə əldə etdikləri uğurlardan bəhs edib, gənc məzunlara tövsiyələrini çatdırıblar.
Tədbirdə tələbələrin ifasında "Əsmaul-Hüsna" və Nizami Gəncəvinin "Minacat" əsərindən ibarət ilahi təqdim olunub.
Daha sonra məzun andı səsləndirilib.
Tədbirdə Aİİ və BİK-in yüksək akademik göstəricilərlə fərqlənən məzunları, elmi-ictimai fəaliyyətdə fəal iştirak edən müəllimləri və əməkdaşları təltif olunublar.
Sonda məzunlarla xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, bu il Azərbaycan İlahiyyat İnstitutunun V, Bakı İlahiyyat Kollecinin isə I məzun buraxılışı həyata keçirilib.
Daha çox foto burada: PhotoStock.az