Euronews telekanalı ölkəmiz haqqında növbəti reportajı hazırlayıb. Onu oxucularımıza təqdim edirik:
Azərbaycan torpağı möcüzələrlə zəngindir. Onlardan biri də naftalan neftidir, onun son mənzili benzin çəlləkləri deyil, Naftalan sanatoriyasındakı vannalardır. Bu qara qızılda çimmək sağlamlığa zəmanətdir, bunu hələ karvanlar dövründə bilirdilər.
Naftalan neftin nadir növüdür, onun tərkibində yanacaq maddəsi yoxdur. Qeyri-adi vannaları əsasən üç: dəri, əzələ və dayaq-hərəkət aparatının xroniki xəstəliyi zamanı məsləhət görürlər. Hər prosedur ciddi vaxt məhdudiyyətinə malikdir. Axı hətta 10 dəqiqə ərzində pasientin orqanizminə yetərincə neft düşə bilir.
Xurşudxanım Namazəliyeva, “Çinar Oteli”nin baş həkimi:
“Naftalan yüksək qətranlı, parafinsiz, daxilində kerosin və benzin kimi yüngül fraksiyaları olmayan neftdir. O, birbaşa qana təsir edir, qan killer hüceyrələri stabilləşdirir, onlar naftalan molekullarına doğru hərəkət edir, bu yerlərdə qan dövranı güclənir, yəni bu xəstə orqanın qidalanması güclənir”.
Naftalan vannalara isidilmiş halda verilir, pasientlər bunu isti şokoladla dolu vannaya girməklə müqayisə edirlər. Nəticələr ən skeptik pasientləri belə təəccübləndirir.
Yelena Çelnakova naftalan vannasında uzanaraq təəccüblənir:
“Mənim bel fəqərəmdə güclü ağrılar var idi. Sadəcə dörd və ya beş vanna və kəskin irəliləyiş, bu, gözlənilməz oldu”.
Təəccüblü deyil ki, burada vaxtı ilə demək olar ki, bütün Sovet elitası olub. Naftalanda ilk sanatoriyalar 1929-cu ildə meydana gəlib. Yerli neftin müalicəvi xüsusiyyətləri haqqında hələ 13-cü əsrdə Marko Polo yazıb. Onun tapılması haqqında da əfsanələr gəzir.
Musaməddin Gülməliyev:
“Deyilənə görə burdan bir karvan keçirmiş, karvanbaşı xəstə dəvədən canını qurtarmaq üçün onu neft gölməçəsinə itələyir. Geri qayıdarkən sağlam bir dəvə ilə rastlaşır, əlamətlərinə görə öz dəvəsini tanıyır”.
Karvan dövründən Azərbaycan öz təbiətinin bir müalicəvi möcüzəsi ilə də şöhrət tapıb – bu, palçıq vulkanlarıdır. Odlar yurdunda belə vulkanların sayı 300-ə çatır, bu isə dünyada ən böyük kolleksiyadır. Hər bir palçıq vulkanı unikaldır, ən heyranedici vulkanlardan biri Qobustanda yerləşən Daşgil vulkanıdır, o, Bakıdan 60 kilometr uzaqlıqda yerləşir.
Adil Əliyev, Azərbaycan Geologiya İnstitutunun neft vulkanizmi şöbəsinin müdiri:
“Palçıq vulkanlarının dərinliyi 5-12 km arasıdır, vulkan palçığı bir çox mikroelementlərlə zəngindir, demək olar ki, Mendeleyev cədvəlinin yarısı bu palçığın tərkibində var. O üzdən də təbabətdə istifadə edilir”.
Hər bir palçıq vulkanında faydalı maddələr var. Yeraltı xəzinələrin əsasında kosmetik vasitələr istehsal edən Azərbaycan şirkəti mütəxəssisləri iddia edirlər ki, dəriyə qulluq üçün ən yaxşı palçığı tapıblar. Bu vulkanın harda yerləşməsi isə kommersiya sirridir.
Leyla Dadaşova, Gazelli Group-un elmi-tədqiqat laboratoriyasının rəhbəri:
“Vulkanik gil ağardıcı, cavanlaşdırıcı və regenerativ xüsusiyyətlərə malikdir. Vulkanik gil dərini yaşlanma ilə mübarizə aparmağa və öz müdafiə xüsusiyyətlərini gücləndirməyə məcbur edir”.
Yaşlanmadan ən yaxşı müdafiə palçıq vulkanları ilə bərabər idmandır – marafonçu Artem Əliyev belə hesab edir. İl boyu istənilən hava şəraitində Qobustanda üzmələr təşkil edilir. Çəkiliş günü palçıq vulkanının temperaturu 2 dərəcə idi, amma bu idmançını saxlamadı.
Artem Əliyev:
“Azərbaycan təbiətinin gözəlliyini duyuram, özümü yüngül və eyni zamanda da gümrah hiss edirəm”.
Artemin arzusu Azərbaycanın bütün palçıq vulkanlarını gəzməkdir. Plan demək olar ki, beş illikdir.
Bizim çəkiliş qrupumuz ən sirli yeraltı nəhəngə yaxınlaşa bildi.
“Azərbaycanın ən böyük vulkanlarından olan Qoturdağ. İndi bu nəhəng yuxudadır və bəyazlarla örtülüdür. Bizim isə odlar yurdunda səyahətimiz başa çatır, məlumat çoxdur. Efirə sığdırmaq mümkün deyil. Kadr arxasında qalanlardan xəbərdar olmaq üçün isə bizim saytda bloqumda oxuya bilərsiniz”.