Son günlər ölkə ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə invaziv növlərə aid bəzi çəyirtkələrin miqrasiyası və populyasiya sıxlığının artması müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq, AQTA tərəfindən ölkənin müxtəlif ərazilərində yerləşən 95 məntəqədə müşahidələr və monitorinqlər həyata keçirilib.
Laboratoriya analizlərinin nəticələrinə əsasən, ölkə ərazisində karantin tətbiq edilməyən invaziv növlərdən Şərq qozbel çəyirtkəsi, kiçik xaçlı çəyirtkə və barbar çəyirtkəsinin miqrasiyası qeydə alınıb. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, bu növlər Azərbaycan faunası üçün xarakterik deyil və onların Qazaxıstan və Rusiya ərazilərindən miqrasiya etdiyi ehtimal olunur.
Qeyd edək ki, fitosanitar təhlükəsizliyin təmin edilməsi və çəyirtkələrə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə monitorinqlər və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Zərərvericilərin populyasiya sıxlığının nəzarətdə saxlanılması, onların kənd təsərrüfatı sahələrinə vurduğu zərərin minimuma endirilməsi və digər ərazilərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.
