Azərbaycanda fəaliyyəti dayandırılan “Çağ Öyrətim” liseylərinin şagirdlərinin digər özəl lisey və məktəblərə yerləşdirilməsi üçün seçim aparılır. Valideynlər digər özəl məktəblərin təkliflərini araşdırırlar.
Oxu.Az Ailem.az-a istinadən xəbər verir ki, sayt Azərbaycanda özəl orta təhsilin vəziyyəti, bu məktəblərin təklifləri və illik təhsil qiymətlərini öyrənməyə çalışıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov Ailem.az-a bildirib ki, Azərbaycanda özəl orta təhsillə bağlı kifayət qədər inkişaf var.
Onun sözlərinə görə, özəl orta təhsil müəssisələrində təhsil alan şagirdlər dövlət təhsil müəssisələrində oxuyanlardan daha bilikli olmaları ilə seçilir:
“Buna təbii baxmaq lazımdır. Çünki, özəl məktəblər ən yaxşı şagirdləri seçirlər. Əsasən də VI sinifdən yuxarı siniflərin şagirdlərini seçmə və imtahan yolu ilə qəbul edirlər. Dərslər ciddi nəzarət altında keçirilir və orada oxuyan uşaqların repititora ehtiyacı qalmır. Bu məktəblərin şagirdlərinin həm tədris prosesində, həm də qəbul imtahanlarında göstəriciləri daha yüksək olur”.
N.Cəfərov deyib ki, özəl lisey və məktəblərdə tədrisi yerinə yetirən müəllimlərin də seçiminə və hazırlığına xüsusi yer verilir. Müəllimlərin maaşlarının çox olması həm də onlara stimul verir:
“Özəl məktəblərdə müəllimlərin maaşları kifayət qədər yüksək olur. Bu da demək olar ki, onların iqtisadi sıxıntı çəkmələrinə və digər problemlərlə məşğul olmalarına şərait yaratmır”.
N.Cəfərov hesab edir ki, “Çağ Öyrətim” məktəblərinin təcrübəsindən yararlanmaqla bu sahədə əmələ gələn boşluğu aradan qaldırmaq olar:
“Bütün dünyada belədir ki, özəl məktəb təcrübəsi ölkə daxilindən gəlmir. Yəni daha fəal və aktiv şirkətlər bu işlərə qoşulur və müəyyən müsbət nümunə verirlər. “Çağ Öyrətim” məktəbləri xeyli müddət Azərbaycanda fəaliyyət göstərdi və müəyyən problemlərlə yanaşı, müsbət təcrübələr də verdi. Həm onun, həm də dünyadakı özəl məktəblərin təcrübəsi bu gün Azərbaycana imkan verir ki, yerli şirkətlər və yerli qurumlar öz məktəblərini yaratsınlar. Bu sahədə yaxşı nümunələr var. Bu cür özəl məktəblər və dövlətin dəstəyi ilə fəaliyyət göstərən özəl məktəblər öz tövsiyələrini verəcəklər. “Çağ Öyrətim” məktəbinin bağlanması təbii ki, bu sahədə müəyyən müddət boşluqlar yarada, problemlər ola bilər. Lakin həmin təcrübədən faydalanaraq, müəyyən məsələlərdə düzəlişlər edərək, “Çağ Öyrətim”in təcrübəsindən yararlanacaq və bu sahədə ciddi problemlər ortaya çıxmayacaq”.
Komissiya sədrinin sözlərinə görə, Azərbaycanda bu boşluğu doldurmaq üçün özəl məktəblər yaradılmalı və dövlət məktəblərinə də müəyyən təzyiqlər edilməlidir:
“Dövlət məktəblərində təhsilin səviyyəsi qaldırılmalıdır. Tapşırılmalıdır ki, onlar da özəl məktəblərlə ayaqlaşmağa cəhd etsinlər. Lakin dünya təcrübəsində belədir ki, özəl məktəblər üzərinə müəyyən öhdəliklər götürür, təhsil ödəniş əsasında həyata keçirilir. Belə olanda valideyn də maraqlı olur ki, ödədiyi pulun müqabilində övladı yaxşı oxusun”.
Özəl lisey və məktəblərdə qiymət tənzimlənməsinin həyata keçirilməsi məsələsinə gəlincə, N.Cəfərov bildirib ki, bu, mümkündür. Lakin özəl təhsil dünya bazar iqtisadiyyatının tərkib hissəsi olduğundan həmişə belə məktəblərdə təhsil baha olub:
“Belə məktəblərdə heç zaman nə aşağı, nə də orta təbəqənin övladları oxuya bilməyib. Qiymətləri tam tənzimləməkdən söhbət gedə bilməz. Lazımi iddialarla işləyən özəl məktəblər təbii ki, təhsildə də öndə gedəcək. Dövlət məktəblərə maliyyə dəstəyi olmadığından bu, hələlik mümkün deyil. Özəl məktəblər isə pul qazandığı üçün həmişə təhsilin səviyyəsini yüksəldirlər”.
“Ötən ilə nisbətən qiymətlər 10 faizədək artıb”.
İqtisadçı eskpert Vüqar Bayramov isə Ailem.az-a bildirib ki, Azərbaycanda özəl təhsilin səviyyəsi heç də onların tələb etdikləri təhsil haqlarına uyğun deyil. Onun sözlərinə görə, qiymətləndirmə zamanı ölkəmizdə təklif edilən özəl təhsilin bahalı, keyfiyyətin isə yüksək olmadığı məlum olub. V.Bayramov onu da bildirib ki, “Çağ Öyrətim” məktəbləri bağlandıqdan sonra digər özəl təhsil müəssisələrində qiymət artımları müşahidə edilir və artımların bundan sonra da davam edəcəyi proqnozlaşdırılır:
“Özəl təhsil sistemində 2014-cü ildə ötən ilə nisbətən qiymətlər 10 faizədək artıb. Bu sektorda müəyyənləşdirilən qiymətlər heç də reallığı əks etdirmir. Bu qiymətlər süni qiymətlərdir. Ölkədə özəl təhsildə qiymətlərin bahalılığı təklifin az olması ilə bağlıdır”.
Ekspert onu da bildirib ki, ekspertlərin qiymətləndirmələrinə əsasən, özəl liseylərdə oxuyan bir şagirdin gündə üç dəfə yemək, təhsil, istirahət, nəqliyyat xərcləri və hər tələbəyə düşən müəllim xərci bir ay üçün 200 manat təşkil edir. Gündə iki dəfə yemək verən məktəblər üçün bu məbləğ 150, bir dəfə yemək verənlər üçün isə, 100 manata düşür:
“Tədrisin ilin doqquz ayı olduğu nəzərə alınsa, ən bahalı lisey üçün illik təhsil haqqı 1800, gündə iki dəfə yemək verən məktəb üçün, 1350, gündə bir dəfə yemək verən və şagirdlərinin sayı nisbətən çox olan lisey və məktəblər üçün isə 900 manat ola bilər. Amma indi Azərbaycanda bu rəqəmlər ən azı 3 dəfə çoxdur”.
V.Bayramovun sözlərinə görə, bu qiymətlər müqabilində verilən təhsilin keyfiyyəti də o qədər yüksək deyil:
“Düzdür, təhsilin səviyyəsi dövlət təhsil müəssisələrindəkindən yüksəkdir. Amma beynəlxalq standartlarla, qonşu Türkiyənin təhsil standartları ilə müqayisədə Azərbaycanda özəl orta təhsilin səviyyəsi aşağı qiymətləndirilir. Güman etmirəm ki, Azərbaycanda tam olaraq beynəlxalq təhsil sisteminə keçmiş liseylər var. Lakin bir çox liseylər çalışırlar ki, beynəlxalq təhsil sistemini tətbiq etsinlər. Beynəlxalq təhsil modelin tətbiq edilməsi təhsilin keyfiyyətinin yüksəlməsi anlamına gəlmir. Bununla yanaşı, təhsilin keyfiyyətinə də diqqətin ayrılması vacibdir”.
Bakıda fəaliyyət göstərən özəl orta təhsil müəssisələri və liseylərdə illik təhsil haqqına gəlincə, araşdırmamız zamanı məlum olub ki, lisey və məktəblərin hərəsinin müəyyənləşdirdiyi öz qiyməti var.
“Kaspi” Liseyindən bildirilib ki, bu liseydə illik təhsil haqqı 4500 manatdır. Bu məbləğə tədris, dərnəklər, gündə bir dəfə yemək və məktəbli formasının verilməsi daxildir. Nəqliyyat xidməti üçün isə ayda 70 manat, illik isə 500 manat ödəmək lazımdır. Liseyə növbəti tədris ili üçün qəbul iyul ayının 1-dən 10-dək aparılacaq.
“Britaniya” Məktəbində isə illik təhsil haqları yerli və xarici müəllimlərin dərs deməsindən asılı olaraq dəyişir. Məsələn, burada 5-ci siniflər üçün yerli müəllimlərin dərs deməsi ilə əlaqədar olaraq illik təhsil haqqı 15 min, tədrisin xarici müəllimlər tərəfindən keçirilməsi ilə isə 17 min manata başa gəlir. 10-cu sinif şagirdləri üçünsə bu məbləğ 17-19 min manatdır. Bu qiymətlərə tədris, məşğələlər, kitablar, məktəb forması və idman geyiminin verilməsi daxildir. Yemək məsələsinə gəlincə isə 5-ci siniflər üçün ödənilən məbləğə yemək daxil, 10-cu siniflər üçün isə daxil deyil. Nəqliyyat xidməti üçün isə hər şagird ildə 150 manat ödəməlidir.
“Bakı-Oksford” məktəbində illik təhsil haqları sinifdən asılı olaraq 12,300 manatla 14,500 manat arasında dəyişir. Məbləğə tədris, məşğələlər, kitablar, məktəbli formasının verilməsi və gündə üç dəfə yemək daxildir.
Ümumiyyətlə isə “Bakı-Oksford” məktəbində oxumaq təhsil metoduna uyğun dəyişir. Burada I-VI siniflər üçün beynəlxalq təhsil istiqaməti üzrə illik qiymət 14 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır. Bu xərcə geyim, yemək daxildir. VI-XII siniflər üçün isə beynəlxalq istiqamət üzrə təhsil 15 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır. Yuxarı siniflərdə ödənişə yemək daxil deyil. Servis xidməti isə aylıq 150 manatdır. Məktəbi bitirənlər ingilis dilini bilmə səviyyəsi haqda sertifikat, orta təhsil haqda beynəlxalq attestat və Azərbaycan Respublikasının orta təhsili haqqında attestat əldə edirlər. Məktəbdə bundan başqa, Böyük Britaniya və digər ölkələrin universitetlərinə qəbul olunmaq üçün tələbələrin hazırlıq proqramları da fəaliyyət göstərir.
Məktəbə qəbul olmaq istəyənlər ingilis dilindən test imtahanı verməlidir. Çünki burada təhsil ingilis dilindədir. Əlavə dil kimi isə şagirdin seçiminə görə ya fransız, ya da alman dili tədris olunur. İmtahandan keçə bilməyənlərə məktəb öz hazırlıq kurslarını təklif edir.
“Avropa-Azərbaycan” məktəbində illik təhsil aşağı siniflər üçün illik 7 min, yuxarı siniflər üçünsə 8 min manatdır. Bu qiymətə tədris, dərnəklər, gündə 3 dəfə yemək, məktəbli firması, ölkədaxili ekskursiyalarda iştirak daxildir. Nəqliyyat xidmətinin qiyməti isə buraya daxil deyil, 6-30 kilometr məsafəyə uyğun olaraq, nəqliyyat xidmətləri 60 manatla 120 manat arasında dəyişir.
“The International School of Azerbaijan” məktəbində təhsil hazırlıqdan başlayır. Uşağın məktəbə hazırlığı 11 min dollara başa gəlir. I sinifdən IX sinfədək isə təhsil haqqı 34 min dollardır. IX sinifdən yuxarı isə təhsil haqqı 40 min dollara yaxındır. Bu məbləğlər məktəb tərəfindən məzunun birbaşa bakalavr pilləsinə yiyələnməsi ilə əlaqələndirilir.
Bakı Avropa liseyindən bildirilib ki, liseydə təhsil almaq pulsuzdur və I və X siniflər üzrə qəbul aparılır.
“Evrika” təhsil müəssisəsində illik təhsil haqqı 5000, məktəbəqədər hazırlığın illik haqqı isə 3000 manatdır. Bu ödənişə gündə bir dəfə yemək, iki dəfə çay içmək daxildir. Aylıq nəqliyyat servisi haqqı 100 manatdır.
“Erudit” təhsil kompleksi adlanan ingilis təmayüllü tam orta məktəbdə illik 5000 manat ödəniş edilməlidir. Bu məbləğə yalnız təhsil, səhər və günorta yeməyi daxildir.
“Qafqaz İbtidai Gimnaziyası”nda I sinifdən VI sinfədək illik təhsil haqqı 7 min 350 manatdır. Bu qiymətə dərslik, forma, yemək, dərnəklər daxildir. Servis haqqı üçün isə valideyn ayda 230 manat ödəməlidir.
“Atatürk liseyi”də təhsil almaq üçün isə il ərzində 1500 manat ödəmək lazımdır.
“Gənc İstedadlar”, “Bakı-Türk Dəyanət Vəqfi” liseylərindən və Zərifə Əliyeva adına məktəbdən isə Ailem.az-a bildirilib ki, bu təhsil müəssisələrində təhsil almaq pulsuzdur. Təhsil müəssisələrinə qəbul isə imtahan yolu ilə aparılır.
Onu da qeyd edək ki, araşdırmamız zamanı məlum olub ki, “Bakı-Oksford” məktəbindən başqa, adı çəkilən digər özəl lisey və məktəblərdə məzunlara beynəlxalq attestatlar verilmir.