Azərbaycan Respublikası hökumətinin maliyyə çətinlikləri yaşadığı sirr deyil. Məhz buna görə də pensiya yaşının artırılması məsələsi qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Echo.az-a verdiyi müsahibəsində Demokratik İslahatlar partiyasının rəhbəri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
“Birincisi, Azərbaycan Respublikası əhalisinin ömrü uzanıb. İkincisi, vətəndaşlar pensiya yaşına çatdıqları üçün iş yerlərini tərk etməlidirlər, halbuki bunun istəmirlər və işə davam etməyə hazırdırlar. Azərbaycan vətəndaşları 65 yaşında yetərincə fəal həyat tərzi keçirirlər. Sözsüz ki, pensiya yaşının artırılması, əsasən, dövlətin maliyyə problemləri ilə əlaqədardır”, - deputat qeyd edib.
A.Mollazadənin sözlərinə görə, gələcəkdə pensiyaçılar dövlət büdcəsi üçün yük ola bilərlər, ona görə də artıq bu gün müəyyən tarazlıq yaratmaq lazımdır.
Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri Nəriman Ağayev bildirib ki, Azərbaycan vətəndaşlarının ömrü qısalır, əsasən də kişilər pensiya yaşına qədər yaşamamaq riski qarşısındadırlar.
“Bir çox vətəndaşlar dövlət qulluqçularının yaş həddinin artırılması qərarı ilə razı deyillər. Axı çox zaman insanlar pensiya yaşına çatmır, bəziləri isə pensiyaya çıxan kimi dünyasını dəyişirlər. Bu, əsasən, kişilərə aiddir. Pensiyaçılar orta hesabla 75 yaşına çatmırlar”, - N.Ağayev deyib.
“Aydındır ki, dövlətin maliyyə problemləri var, amma bu problemin həllinin ən yaxşı üsulu deyil. Əlbəttə, fiziki vəziyyət imkan verirsə, insan işləməlidir. Digər tərəfdən isə əgər insan özünü 90-100 yaşında da yaxşı hiss edirsə, cavanlar işsiz qalacaqlar. Amma pensiya yaşının artırılması qeyri-rəsmi əmək bazarında vəziyyəti gərginləşdirə bilər. Hökumət əks effekti alacaq. Büdcədə vəsaitə qənaət etmək əvəzinə, bütün səy və maliyyə bir sıra problemlərin həllinə sərf ediləcək”, - N.Ağayev bildirib.
Sirr deyil ki, bu gün Azərbaycan pensiyanın həcmi üzrə MDB ölkələri arasında ən aşağı göstəricilərə malikdir. Ölkə bu yaxınlara qədər liderlər sırasında idi. Göstəricilərin azalmasına səbəb isə Azərbaycanın milli valyutasının devalvasiyasıdır. Təəssüf ki, yaxın ildə hökumət pensiya həcminin artırılması üçün büdcədən pul ayıra bilməyəcək.
“İqtisadi təşəbbüslərə yardım” QHT rəhbəri Azər Mehdiyev daha öncə Echo.Az-a bildirmişdi ki, hazırda Azərbaycan pensiya fonduna vəsaitin cəlb edilməsi və toplanması məsələsində bir çox problemlər müşahidə edilir.
“Bir sıra qonşu ölkələr 2017-ci ildə pensiyanın həcmini artırmaq niyyətindədirlər, amma bizim buna imkanımız yoxdur. Hazırda sosial ödəmələr məsələsində hökumətin dəqiq siyasəti və strategiyası yoxdur”, - o deyib.
“Uzun müddət ərzində Azərbaycan hökuməti bu istiqmətdə islahatlar ilə məşğuldur, amma indiyə qədər gözəçarpacaq uğur müşahidə edilmir. Bu, xüsusilə, sovet dövründən praktiki olaraq dəyişməyən pensiya sisteminə aiddir. Hökumət qeyri-neft sahəsinin inkişafına nail ola bilməyib, ölkənin iqtisadiyyatı neft resurslarından asılıdır. Qeyri-rəsmi əmək bazarının inkişafı üzündən vəsaiti pensiya fonduna cəlb etmək mümkün olmur. Ona görə də 2017-ci ildə pensiyanın məbləğinin artmasını gözləmək lazım deyil. Beləliklə də, Azərbaycanda pensiyaçıların nə zaman yaxşı yaşayacaqları məlum deyil”, - o deyib.
Daha öncə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bəyan etmişdi ki, orta uzunömürlülüyün artması ilə əlaqədar gələn il pensiyaçıların sayının 1,32 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Buna baxmayaraq, pensiyanın orta aylıq məbləği 8% artaraq – 203 manatdan ibarət olacaq. Bunun əvəzinə isə Milli Məclis pensiya yaşının artırılması barədə düşünməyə başlayıb.
Məlumata görə, Azərbaycanda pensiya yaşı qadınlar və kişilər üçün 65 yaşa çatdırılacaq. Məsələ “Əmək pensiyası haqqında” qanuna dəyişikliklər layihəsində öz əksini tapıb. Layihə 98 dəyişiklikdən ibarətdir. Layihəyə görə, kişilər üçün pensiya yaşı 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər hər il 6 ay artırılacaq.
Bununla da qadınlar və kişilər üçün pensiya yaşı 65 yaşa çatdırılacaq. Qanun layihəsi qəbul edildiyi halda, 2017-c ilin iyul ayının 1-dən qüvvəyə minəcək. Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, 2006-cı ildən Azərbaycan “Əmək pensiyası haqqında” qanuna müvafiq olaraq fərdi sosial sığortanın tətbiqinə keçib. Bu əsasda hər ödəyici üçün fərdi hesab açılır, bu hesaba icbari sığorta üçün ödənilən vəsait toplanır.
Hazırda icbari sığortaya Azərbaycanda faiz iki mənbədən ödənilir: 22 faiz həcmində işverən tərəfindən müəssisə üzrə məvacib fondundan, eləcə də üç faiz işçinin məvacibindən tutulur.
Yeri gəlmişkən, Azərbaycanda yaşlı adamlar üçün təlim və ixtisasartırma kursları təşkil ediləcək. Bu barədə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulur.
Qeyd edilir ki, 2017-ci ildə ahıl insanlar üçün təlim və ixtisasartırma kurslarının təşkil edilməsi ilə əlaqədar normativ hüquqi bazada dəyişikliklərin edilməsi üzrə müvafiq dövlət strukturları tərəfindən konsultasiyalar keçiriləcək, peşə təlimini nizamlayacaq liberal və demokratik qanun bazasının yaradılması istiqamətində müvafiq təkliflər hazırlanacaq.
E.Ə.
www.oxu.az