Serbiya televiyasının bir qrup jurnalisti ölkəmizə səfərə gəlib.
Oxu.Az xəbər verir ki, qonaqlar səfərlə bağlı ölkələrinin televiziyaları üçün bir sıra materiallar hazırlayıblar.
“Radio Television of Serbia” (RTS) telekanalının hazırladığı süjetdə Azərbaycanla Serbiya arasında getdikcə inkişaf edən münasibətlərə toxunulur. Azərbaycanın yaşıl enerji potensialı, Avropada bu sahəyə maraq və Serbiyanın sözügedən istiqamətdə Azərbaycanla əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb.
Azərbaycanın Serbiya ilə strateji tərəfdaş olduğu vurğulanan materialda ölkələrimiz arasında 2021-ci ildə ticarət dövriyyəsinin 56 milyon ABŞ dolları olduğu vurğulanıb.
Telekanala müsahibə verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, ölkələrimiz keçid dövrünü yaşayıblar, Yuqoslaviyanın tərkibində Serbiya özəl sektorda daha çoxşaxəli iqtisadi infrastruktura malik olub:
“Daha bir vacib məsələ beynəlxalq təhlükəsizlikdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq təhlükəsizlik beynəlxalq hüquq prinsiplərinə, xüsusilə ərazi bütövlüyü prinsipinə riayət olunmasından asılıdır”.
Materialda həmçinin ölkələrimiz arasında turizm sahəsindəki əlaqələrə də toxunulub.