"Gündə 7-10 problem xarakterli materialları efirə veririk".
Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) sədri Rövşən Məmmədov REAL TV-nin efirində deyib.
O bildirib ki, AzTV-də yayımlanan problem xarakterli materiallar hazırlanarkən jurnalistikanın etik normaları və peşə prinsipləri qorunur, qarşı tərəfin mövqeyi mütləq öyrənilir.
R.Məmmədovun sözlərinə görə, məqsəd xalqın problemlərini işıqlandırmaq və onlara yaxın olmaqdır:
"Biz gündəlik 7-8, hətta 10-a yaxın problem xarakterli materialları veririk. Məqsədimiz xalqla birgə olmaq, xalqa yaxın olmaqdır. Uzun illər belə problem xarakterli materiallar olmayıb. Buna görə də AzTV-də bu cür materialların efirə getməsi bəziləri üçün qəribə qarşılanır".
AzTV sədrinin sözlərinə görə, əvvəllər efirdə görünməyən müxbirlər artıq hadisə yerlərindən canlı bağlantılar edərək problemləri işıqlandırır, həm narazı vətəndaşların, həm də qarşı tərəfin mövqeyini təqdim edirlər.
R.Məmmədov qeyd edib ki, bu yanaşma bəzən narazılıqlara da səbəb olur:
"AzTV-yə daha çox zəng gəlir. Bildirirlər ki, siz dövlət kanalısınız. Amma dövlət kanalı olsaq belə, bizim vəzifəmiz xalqın problemini çatdırmaqdır".
O əlavə edib ki, ölkədə mövcud problemlərin işıqlandırılması medianın əsas vəzifələrindən biridir:
"Problemlər varsa, biz onları verməliyik. Zənglər də olur, narazılıqlar da. Biz də izah edirik ki, bu problemləri işıqlandırmaq bizim borcumuzdur".