“Bakı Marafonu – 2018”in qalibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, birinci yeri ukraynalı İqor Olifirenko tutub.
O, 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəni hamıdan tez qət edib. İranlı Məhəmməd Cəfər Muradi 1 saat 8 dəqiqə 8 saniyə göstərici ilə ikinci, türkiyəli Ömər Alkanoğlu isə 1 saat 11 dəqiqə 19 saniyə göstərici ilə üçüncü olub.
12.13
“Bakı Marafonu 2018”-in qadın kateqoriyası üzrə qalibi müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, türkiyəli Çelik Fadime (1986-cı il təvəllüdlü) finişə birinci çatıb.
İkinci yerin sahibi ukraynalı Valentina Poltavskadır (1971). İlk üçlüyü Rusiyadan olan Anastasiya Petrova (1993) tamamlayıb.
10.28
Paytaxtda “Bakı Marafonu - 2018” start götürüb.
Oxu.Az xəbər verir ki, layihədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, bir sıra nazirlər və məşhurlar da iştirak edir.
Qeyd edək ki, builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
08.49
Bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu artıq ardıcıl üçüncü dəfə təşkil olunur.
Oxu.Az-ın məlumatına görə, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu-2018” layihəsinin ekslüziv tərəfdaşı “AzercellTelekom” şirkətidir.
Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.
“Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
“Bakı Marafonu-2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
“Bakı Marafonu-2018”in mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.
Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək. O cümlədən, bütün marafon iştirakçılarına və marafon yarışının təşkilində dəstək göstərən könüllülərə təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, Bakıda 2016 və 2017-ci illərdə təşkil olunan yarımarafonlarda 20 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən bu yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, İspaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çex Respublikası, Meksika və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri də qoşulmuşdu.
Yarımarafonlarda ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Rusiya, Polşa, İran, Ukrayna, Gürcüstan, Keniya və digər ölkələrdən turistlər də iştirak etmişdi. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.
FOTO: Sadiq Fərzəlibəy
www.oxu.az
Rəylər