Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakı Zooloji Parkında "Gələcək uşaqlara məxsusdur" adlı şənlik təşkil olunub
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib. Zooloji Park və Bakı Abadlıq Xidmətinin əməkdaşlığı ilə təşkil olunan "Gələcək uşaqlara məxsusdur" adlı şənlikdə 2 nömrəli ümumi təyinatlı, 4 nömrəli xüsusi, 8 nömrəli sanatoriya tipli və 12 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərindən ümumilikdə 350-dən çox uşaq iştirak edib.
Bu barədə Oxu.Az-a Zooloji Parkdan məlumat verilib.
Bildirilib ki, musiqi sədaları ilə müşayiət olunan və gün boyu davam edən tədbir qonaqlarda xoş əhvali-ruhiyyə yaradaraq unudulmaz günlərdən birinə çevrilib. Zooloji Parkın müxtəlif məntəqələrində ziyarətçilər oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanıblar. Sehrbaz və cizgi film personajlarının iştirakı şənliyi daha da rəngləndirib, qonaqların diqqətini müxtəlif viktorina və maraqlı oyunlara cəlb edib. Ziyarətçilər öz maraq dairələrinə uyğun seçim edərək, təbii parçalardan oyuncaqların hazırlanması, ekoçantaların zoomorf ornamentləri ilə bəzədilməsi, rəsm çəkmək, gips lövhələrinin rənglənməsi kimi müxtəlif ustad dərslərinə qatılıb, üz boyamada iştirak ediblər. Eyni zamanda, uşaqların maariflənməsi üçün onlara Zooloji Parkın lektoriyasında heyvanların həyat tərzini özündə əks etdirən cizgi filmləri, onların biologiyası haqqında təqdimatlar nümayiş edilib. Açıq havada heyvanların xarici quruluşları ilə bağlı geniş məlumat əldə edən kiçik ziyarətçilərə heyvanlarla yaxından təmasda olmaq, qulluq etmək və onlara qayğı göstərmək şansı verilib, həmçinin IDEA Heyvanlara Qayğı Mərkəzinin təşkilatçılığı ilə himayə guşəsi təşkil olunub.
Qeyd edək ki, Bakı Zooloji Parkı yalnız əyləncə məkanı deyil, həmçinin elmi-maarifçilik müəssisəsi funksiyasını daşıyır. Zooloji Parkda keçirilən seminar və treninqlər, ustad dərsləri uşaqlar və gəncləri əyləndirərək maarifləndirir, təbiətə maraq oyadır, insanların ətraf mühitin mühafizəsini və bu prosesdə öz rolunu daha dərindən dərk etməsini təmin edir.