Bakıda avtobus sürücüsünün təhlükəli manevr edərək qəza şəraiti yaratması ilə bağlı görüntülərə "BakuBus" MMC-dən münasibət bildirilib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq diqqətə çatdırılıb ki, həmin vaxt avtobus sürücüsünün hərəkət trayektoriyasını dəyişməsi ötmə əməliyyatı ilə bağlı olmayıb.
"Yolun həmin hissəsində hərəkət sahəsinin məhdud olması və motosikletin avtobusa yaxın məsafədə hərəkət etməsi nəzərə alınaraq, sürücü mümkün toqquşmanın qarşısını almaq məqsədilə hərəkət istiqamətini dəyişib.
Sürücü yaranmış yol şəraitinə uyğun olaraq təhlükəli yaxınlaşmadan yayınmaq və mümkün yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə manevr edib.
Motosiklet və moped sürücülərindən ictimai nəqliyyat vasitələrinin hərəkəti zamanı təhlükəsiz ara məsafəsini qorumaları, avtobusların hərəkət trayektoriyasını nəzərə almaları və qəfil manevrlərdən çəkinmələri xahiş edilir. Eyni zamanda, yol hərəkətinin bütün iştirakçılarını qarşılıqlı diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq".
Bakıda avtobus sürücüsü təhlükəli manevr edərək qəza şəraiti yaradıb.
Bu barədə Oxu.Az-a müraciət daxil olub.
Müraciətdə qeyd olunub ki, hadisə sentyabrın 17-də saat 10:42-də baş verib.
Videoqeydiyyatçı quraşdırılmış maşının sürücüsünün sözlərinə görə, avtobus sürücüsü yolun daraldığı hissədə digər nəqliyyat vasitəsinin önünə keçərək təhlükəli ötmə əməliyyatını icra etməyə çalışıb.
Görüntüləri təqdim edirik: