Noyabrın 7-dən 8-nə keçən gecə Bakının Nizami rayonu ərazisində Çeçenistan vətəndaşı naməlum şəraitdə dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Nizami rayon Polis İdarəsindən bildiriblər.
30 yaşlı Udiyev Letsa Ramazanoviçin cəsədi gecə saat 3 radələrində, Keşlə qəsəbəsindəki xüsusi evlərdən birində tapılıb. Gənc insan Moskvada yaşayan və elə orada işləyən milyonçunun evini kirayələyirmiş.
Bildirilir ki, kriminalistlər Udiyevin cəsədinin yanından istifadə olunmuş şpris tapıblar və buna görə də, çeçenin narkotik maddə qəbulu nəticəsində dünyasını dəyişdiyini güman ediblər. Lakin, bu versiya təsdiqlənməyib, çünki hələ məhkəmə-tibb ekspertizası keçirilməyib.
Paralel olaraq, çeçen qaçqınları icmasının rəhbəri Ramzan Mollayev bəyan edib ki, Udiyev bəlkə də qaçqın deyil.
“Bununla əlaqədar yoxlama aparmaq, hadisənin baş verdiyi şəraiti aydınlaşdırmaq lazımdır” – deyə, o bildirib.
Bu arada 23-cü polis bölməsindən bildiriblər ki, Udiyev müntəzəm olaraq Bakıya gələrək, həmin evdə qalıbmış.
Digər məlumatlara görə, Udiyevin qaldığı ev onun dostuna məxsusdur. Müəyyən olunub ki, ölümündən bir qədər əvvəl kişinin halı pisləşib. O, tanışına ürəyinin ağrıdığını deyib. Buna görə də, onlar birlikdə Keşləyə gəliblər.
Bildirilir ki, Udiyev Bakıda inşaat sektorunda çalışırmış.