94 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi tənəffüs zamanı ikinci mərtəbənin pəncərəsindən yıxılıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb:
"Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb və aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".
Aygün Mirakif
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü Günay Səlimova (şərti adla) bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.
Direktorun məlumatına əsasən, son bir ay ərzində 12 yaşlı Günay Səlimova üçün məktəbə 3-4 dəfə təcili yardım çağırılıb.
Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata görə, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunub.
Hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.