Bakıda sərnişin avtobusunun təkərinin yararsız halda xəttə çıxdığı iddia olunub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
İddia edilib ki, sərnişinlərlə dolu avtobusun təkəri cırılmış vəziyyətdə olub.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, videogörüntü ilə bağlı məsələ araşdırılıb.

"Yoxlamanın nəticələrinə əsasən, avtobusun təkərlərində protektor hündürlüyünün normativ tələblərlə müəyyən edilmiş minimum 4 mm göstəricidən aşağı olmadığı müəyyən edilib.
Bildiririk ki, sərnişindaşımada Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, avtobus təkərinin protektor hündürlüyü 4 mm-dən aşağı olduqda həmin təkər normativ tələblərə uyğun hesab edilmir.
Görüntüdə əks olunan avtobusa 2026-cı il iyunun 8-də istismar müddəti üzrə 60 000 km yürüş intervalına uyğun texniki xidmət göstərilib. Həmçinin 2026-cı il avqustun 24-də avtobusun təkərlərində protektorlar yoxlanılıb. Yoxlama zamanı arxa təkərlərdə ən aşağı protektor hündürlüyü 7 mm, ön təkərlərin protektor hündürlüyü isə əsasən 10-13 mm aralığında olub.
Ona görə də bu kimi görüntüləri paylaşan şəxslərdən məlumatların dəqiq faktlara əsaslanmasına diqqət yetirmələrini və əsası olmayan, yanlış təsəvvür yarada biləcək məlumatların ictimaiyyətə təqdim edilməməsini xahiş edirik", - deyə Ə.Əliyeva bildirib.