Bakının Dilarə Əliyeva küçəsində su borusunun partlaması nəticəsində qəza şəraiti yaranıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində məlumat verilib. Məlumatda bildirilir ki, Dilarə Əliyeva küçəsində yolu su basıb. Asfaltın bir hissəsi tamam dağılıb.
Yolun çökməsi nəticəsində ərazidə olan avtomobillərin hərəkəti dayandırılıb. Yaranan çuxura düşən avtomobillər evakuatorun yardımı ilə çıxarılıb.
“Azərsu” ASC məsələyə aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, hazırda mütəxəssislər hadisə yerindədirlər.
“Həmin ərazidə 250 mm.-lik içməli su borusu deşilib. Bu barədə bizə saat 10:30-da məlumat verdilər. Hazırda özüm də hadisə yerindəyəm. “Azəryolservis”ə məlumat vermişik. Hazırda hadisə yerində əməkdaşlar çalışır. Problem bu gün həll olunacaq”, - deyə Anar Cəbrayıllı bildirib.