Yarıməsrlik yubileyini qeyd etməyə hazırlaşan Bakı metropoliteninin özünəməxsus zəngin tarixi var. Fəaliyət göstərdiyi 50 il ərzində onun istismarında, daha əvvəlki illərdən isə onun layihələndirilməsi və tikilməsində əvəzsiz xidməti olmuş insanlar metropolitendə daim böyük hörmət və ehtiramla yad edilir.Bu layihəmizdə Bakı metrosunun tarixində özünəməxsus rol oynamış, fərqlənmiş və sayılıb-seçilmiş veteranlardan bəhs edəcəyik.
Bakıda metro tikintisi ideyası hələ 30-cu illərin əvvəllərində yaranmışdı. O vaxt şəhər əhalisinin sayı heç yarım milyona da çatmırdı və 1924-cü ildən burada əsas ictimai nəqliyyat vasitəsi olan konkanı əvəz edən tramvay, eləcə də, 1941-ci ildə istifadəyə verilən trolleybus bakılıların şəhərdaxili hərəkəti üçün tam kifayət edirdi. 1926-cı ildə SSRİ-nin ilk elektrikləşdirilmiş dəmiryolu olan Bakı-Sabunçu xəttinin açılmasından sonra şəhərətrafı ilə mərkəz arasında sürətli əlaqə təmin edildi.
SSRİ Nazirlər Sovetinin 4 dekabr 1947-ci il tarixli qərarı ilə Moskva Metrolayihə-Axtarış İnstitutu (“Metrogiprotrans”) qarşısında Bakıda metro tikintisinin layihə tapşırıqlarının hazırlanması vəzifəsi qoyuldu. Nazirlər Sovetinin 20 Yanvar 1949-cu il tarixli qərarı ilə həmin ilin dekabrında Bakı Metro Tikinti İdarəsi yaradıldı.
Tikintiyə rəhbərlik və layihə smeta sənədlərinin hazırlanması üçün təcrübəli mütəxəsislər Denişenko, Q.V.Lebedevin rəhbərliyi altında Bakıya böyük bir mütəxəssislər qrupu 5 illik müddətə ezam edildi. Burada yeraltı yolların tikintisinə başlamaq üçün geoloji-tədqiqat və layihə-smeta işləri aparılmalı idi. Bu işlərin beşik başında dayanan insanlardan biri də 1949-cu ildən 2013-cü ilə kimi, 64 il Bakının yeraltı yollarının, eləcə də, Azərbaycanda və SSRİ-də bir çox nəhəng tikinti obyektlərinin layihələndirilməsində əməyi olan təcrübəli mütəxəssis Lüdmila Kosik idi. Lüdmila Pavlovna artıq 4 ildir pensiyadadır.
Lüdmila Kosik o illəri belə xatırlayır: “Mən bura təyinatla gəlmişdim. Üç ili başa vurub, çıxıb gedə bilərdim. Amma Bakını və bakılıları sevdim. Burada qalmağı qərarlaşdırdım, bu mehriban insanlar arasındakı həyatı seçdim. Ailə qurdum, bütün həyatımı bu gözəl şəhərə, bu ölkənin mehriban xalqına, habelə dünyanın ən gözəl metropolitenlərindən birinə həsr etdiyimə görə özümü xoşbəxt sayıram. Bəli, mən, həqiqətən, özümdən sonra belə bir izin qalacağına görə fəxr edirəm. Ömrümün 90-cı ilini yaşayıram. İstərdim ki, Allah mənə metronun yubileyinin qeyd olunacağı günə qədər ömür versin. Yubiley mərasimində iştirak etməyi arzu edərdim. Əgər bu gün unudulmamışamsa, sizinlə bu söhbətimiz də təsdiq edir ki, məni hələ metroda xatırlayırlar və yubiley tədbirlərində də yaddan çıxarmazlar”.
Z.Q.
www.oxu.az