Bakının mərkəzi küçəsində hərəkətin əks istiqamətinə qoyulan yol nişanının quraşdırılması sürücüləri çaşqın vəziyyətə salıb.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd edilib ki, Rəsul Rza küçəsində dayanma-durmanı qadağan edən 3.27 nişanı hərəkətin əks istiqamətində quraşdırılıb.
"Bura birtərəfli yoldur. Dayanma-durmanı qadağan edən nişan isə küçənin girişində deyil, çıxışında yerləşdirilib. Əlbəttə ki, arxadan gələn avtomobillərin o nişanın tələbinə əməl etməsi heç bir halda mümkün deyil", - deyə şikayətçi bildirib.


Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, əraziyə baxış keçirilib və problem həll olunub.

"Rəsul Rza küçəsinin sözügedən hissəsinin hər iki başlanğıcında dayanma-durmanı qadağan edən 3.27 yol nişanı quraşdırılıb. Hərəkət iştirakçıları yol nişanlarının tələblərinə mütləq qaydada riayət etməlidirlər", - deyə T. Orucov bildirib.



Əzizə İsmayılova