Bakı şəhərinin mərkəzində yerləşən bir sıra yeraltı piyada keçidlərində eskalatorların işləməməsi və işıqlandırmanın olmaması sakinlərin narahatlığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224 12 12) şikayət daxil olub.
Müraciətdə bildirilib ki, uzun müddətdir bəzi yeraltı keçidlərdə eskalatorlar fəaliyyət göstərmir, eyni zamanda, keçidlərin bir hissəsində işıqlandırma da normal təmin olunmayıb.
"Eskalatorların işləməməsi xüsusilə yaşlı insanlar, əlilliyi olan şəxslər və azyaşlı uşağı olan valideynlər üçün ciddi çətinlik yaradır. Bəzən məhz bu səbəbdən yolu yeraltı keçiddən deyil, nəqliyyatın intensiv hərəkət etdiyi hərəkət zolaqlarından keçməyə məcbur qalırıq. Bu isə həm özümüzün təhlükəsizliyini risk altına qoymaq, həm də yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını artırmaq deməkdir", - deyə şikayətdə bildirilir.



Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, müxtəlif səviyyəli piyada keçidlərində nasaz eskalatorların, liftlərin və elektrik pandusların təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılacaq.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud eskalatorlara xidmət AAYDA tərəfindən həyata keçirilir:
"Hazırda AAYDA-nın balansında olan sözügedən eskalator və mexanizmlər BŞİH tərəfindən yeniləndikdən sonra balansa qəbul ediləcək. Yeni eskalatorlar artıq sifariş edilib və ilin sonunda Bakıya gətiriləcək. Hazırda isə mövcud eskalatorlara xidmət AAYDA tərəfindən həyata keçirilir".