Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində mart ayında yağan güclü yağışlar nəticəsində daş hasar qəzalı vəziyyətə düşüb. Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, aidiyyəti qurumlar problemin köklü həlli istiqamətində ciddi addım atmayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Qurumların əraziyə yalnız beton maneələr yerləşdirməsi ensiz olan yolu daha da daraldıb. Bu maneələr günün pik saatlarında tıxaca səbəb olur.
"Hasar qəzalı vəziyyətdədir. Beton maneələr isə həm tıxac yaradır, həm də təhlükəlidir. Onların üzərində heç bir xəbərdaredici nişan yoxdur. Sürücülər gecə saatlarında və ya diqqətsizlik nəticəsində avtomobillə həmin betonlara çırpıla bilərlər", - vətəndaşlardan biri söyləyib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, həmin ünvandakı istinad divarının qısa müddət ərzində bərpasına başlanılacaq.