Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında növbə sisteminin düzgün təşkil edilməməsi ilə bağlı edilən şikayətə TƏBİB münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir.
Məlumata görə, vətəndaşların həkim qəbuluna müraciət prosesini sürətləndirmək və daha səmərəli təşkil etmək məqsədilə onlayn növbə sisteminin tətbiqi istiqamətində işlər sürətləndirilib.
Qeyd olunub ki, son aylar ərzində Yeni Klinika ilə yanaşı, Abşeron Rayon Mərkəzi Xəstəxanasında, Nizami Tibb Mərkəzində və Kliniki Tibbi Mərkəzdə onlayn növbə sistemi tam istifadəyə verilib.
TƏBİB-dən bildirilib ki, yaxın zamanda digər tibb müəssisələrində də onlayn növbə sisteminin tətbiqi nəzərdə tutulur.
Vətəndaşlar "mygov" tətbiqi vasitəsilə onlayn növbə sistemindən istifadə edə bilərlər.
Qurum vurğulayıb ki, onlayn növbə sisteminin tətbiqi tibb müəssisələrində sıxlığın azalmasına, vətəndaşlar üçün daha rahat xidmət mühitinin formalaşmasına, eləcə də qəbul prosesinin daha nizamlı təşkilinə və xidmətlərin effektiv idarə olunmasına imkan yaradır.
Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında xaos hökm sürür.
Bu barədə Oxu.Az-ın xəstəxanada müayinə üçün müraciət edən əməkdaşı məlumat verib.
Onun sözlərinə görə, tibb müəssisəsində onlayn növbə sisteminin olmaması və ya düzgün tətbiq edilməməsi, həmçinin personal arasında koordinasiyanın olmaması ciddi narazılıqlara səbəb olur. Bundan əlavə, xəstəxananın qeydiyyat şöbəsində çalışan əməkdaşlar arasında ciddi koordinasiya problemi müşahidə olunur. Müayinə və qeydiyyat üçün tələb olunan sənədlərlə bağlı əməkdaşlar arasında vahid məlumatlandırma yoxdur və onlar konkret izahat verməkdə çətinlik çəkir, "bilmirəm" cavabı ilə kifayətlənirlər:
"Növbə sistemi yox kimidir. Məhz bu problemə görə vətəndaşlar arasında mübahisələr yaranır. İnsanlar bir-birini növbəni pozmaqda günahlandırır, qışqırırlar. Uşaqlar narahat olur, ağlayırlar. Onlayn sistemin olmaması ədalətli müayinə mühiti formalaşdırmağa imkan vermir. Səhər tezdən gələn pasiyentlə sonradan gələn şəxsi ayırd etmək mümkün olmur. Yaranan xaosun əsas səbəbi növbə prosesinin düzgün təşkil edilməməsi ilə bağlıdır".
