"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub."
Bu məlumat Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib.
"Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyun verilməsi mərhələli şəkildə həyata keçiriləcək", - deyə məlumatda bildirilir.
Bakının Binəqədi rayonunda içməli suyun verilişində yaranan problem sakinlərin narazılığına səbəb olub.
Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə rayonun müxtəlif ünvanlarında yaşayan vətəndaşlardan şikayətlər daxil olub.
Sakinlər bildirirlər ki, artıq üç gündür içməli suyun verilməsində fasilə yaranıb, lakin problemin səbəbi ilə bağlı aidiyyəti qurumlardan ətraflı məlumat almaq mümkün olmayıb.
Şikayətçilərin sözlərinə görə, qaynar xəttə edilən müraciətlərə yalnız təmir işlərinin aparıldığı cavabı verilir.
"Qaynar xəttə zəng edəndə bir cümlə deyirlər - təmir gedir. Üç gündür bu təmir bitmək bilmir. Bu qədər adam susuzluqdan əziyyət çəkir", - deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, suyun kəsilməsi qəza baş verməsi ilə əlaqədardır.
"Ərazidə təmir işləri görülüb və xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyun verilməsi mərhələli şəkildə həyata keçiriləcək", - deyə açıqlamada qeyd olunub.