Ramazanın 20-dən 21-nə keçən gecə (bu il iyulun 29-dan 30-na keçən gecə) ikinci Qədr gecəsidir.
Oxu.Az İslam.az-a istinadən xəbər verir ki, Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub və ola bilər ki, bu, məhz Ramazanın 20-dən 21-ə keçən gecəsidir.
Qədr gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında “Əhya gecələri” kimi də adlandırılır.
Qədr gecəsi ilə əlaqədar tövsiyələr:
1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;
2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;
3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;
4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;
5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;
6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.