Çimərliklərin təmiz saxlanması sağlam ekosistem və təhlükəsiz istirahət üçün vacibdir. Bu məqsədə çatmaq üçün şəxsi məsuliyyət, tullantıların çeşidlənməsi, mütəmadi təmizlik aksiyaları və dövlət qurumlarının qoyduğu sanitariya qaydalarına riayət edilməsi əsas vətəndaş məsuliyyətlərindəndir.
Görəsən, çimərliklərin təmiz saxlanılmaması turizm potensialımıza və ya sağlamlığımıza nə dərəcədə ziyan vurur?
Məsələ ilə bağlı Oxu.Az-a danışan turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib ki, hər bir vətəndaşın borcudur ki, sahillərimizi - sərvətlərimizi qorusun.

O xatırladıb ki, Azərbaycanın dəniz sahil xətti təxminən 950 kilometrdir:
"Onlardan təxminən 200 km hissəsi çimərliklər üçün yararlıdır. 130 km hissəsi isə istifadə olunur. Amma bu potensialı artıra bilərik. Çınqıllı, daşlıq zonaları da çimərlik halına çevirmək olar. Paytaxt ətrafında olan çimərliklər, xüsusən də Mərdəkan istiqaməti insanların istirahəti üçün yetərincə əlverişlidir. Hesab edirəm ki, həmin potensialı yaxşılaşdırmaq üçün sözügedən əraziləri daha təmiz vəziyyətə gətirməliyik. Müvafiq qurumlar, ayrı-ayrı şəxslər, ümumilikdə vətəndaşlar üzərlərində məsuliyyət hiss etməli, ətrafı zibilləməməlidirlər. Dənizin çirkli olması ümumilikdə beynəlxalq reytinqlərə də təsir edir. Bu məsələyə ictimai qınaq olmalıdır. Hər kəs istirahət etdikdən sonra qida və digər tullantılarını yığışdırmalıdır. Zibillər üçün ayrılmış müvafiq yerlər çimərlikdən uzaq ərazidə yerləşməlidir. Çimərliklərə daxil olarkən ödənilən cüzi məbləğlər belə ictimai çimərliklərin və sahillərin təmiz saxlanılmasına yönəldilə bilər. Sahillərimizə qayğı göstərməliyik. Dənizlərimiz milli sərvətlərimizdir. Turistlər də ölkəyə gələn zaman sahillərə maraq göstərirlər. Hər birimizin borcudur ki, sərvətlərimizə sahib çıxıb bunu gələcək nəsillərə yüksək səviyyədə ötürək".
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Oxu.Az-a bildirib ki, suyun sanitar-gigiyenik normalara uyğunluğuna nəzarət etmək lazımdır.
O vurğulayıb ki, əsas diqqət olunmalı məqamlar koli-titr və koli-indeks göstəriciləridir:

"Normaya görə, üç kubmetr suda bir bağırsaq çöpü olmalıdır. Çimərliklər əsasən icarəyə verilirsə, buna görə icarəçi məsuliyyət daşıyır. Hər dəfə mövsüm açıq elan olunanda çimərliklərin sanitar-gigiyenik normalara uyğunluğu yoxlanmalıdır. Təhlükəsizlik tədbirləri görülməlidir. Dənizin dibində kəsici-deşici alətlər olmamalıdır. Bütün bunlar həm də vətəndaş məsuliyyətindən qaynaqlanır".
Çimərlik ərazilərinin çirkləndirilməsinə görə cərimələr də müəyyənləşdirilib.
Məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə Oxu.Az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə üç yüz manat məbləğində cərimə tətbiq edilir.

"Həmin Məcəllənin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə dörd min manat məbləğində cərimə olunurlar".
Məsələ ilə bağlı çimərliklərə nəzarət edən yerli icra hakimiyyətlərinin mövqeyini də öyrəndik.
Ərazi üzrə məsul Mənzil-Kommunal Təsərrüfat birlikləri tərəfindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sahilboyu ərazilərdə xüsusi konteyner meydançaları yaradılmış və məişət tullantılarının gündə bir neçə dəfə daşınması təşkil edilib:

"Bununla yanaşı, ərazilərdə mütəmadi monitorinqlər aparılır və belə hallara rast gəlinən zaman ərazinin təmizlənməsi dərhal həyata keçirilir. Vətəndaşlardan bir daha xahiş olunur ki, təmizlik qaydalarına riayət etsinlər və tullantıları yalnız bunun üçün nəzərdə tutulmuş xüsusi yerlərə atsınlar".