2026-cı ilin ilk yarısında Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Bu barədə Oxu.Az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0.8 faiz artım deməkdir.
Hesabat dövründə qeyri-neft-qaz sektorunda ÜDM-in həcmi 45 milyard 596.5 milyon manat təşkil edib. Bu sahədə real ifadədə 1.5 faiz artım qeydə alınıb. Neft-qaz sektorunda isə ÜDM 0.7 faiz azalıb.
ÜDM-in strukturunda qeyri-neft-qaz sektorunun payı 69.9 faiz, neft-qaz sektorunun payı isə 30.1 faiz olub.
İlin ilk yarısında əmtəə qazı hasilatı 1.1 faiz artsa da, əmtəəlik neft hasilatı 3.1 faiz azalıb.
Məlumata əsasən, ÜDM-in strukturunda ən böyük pay sənayenin payına düşüb. Sənayenin ÜDM-də xüsusi çəkisi 34.6 faiz təşkil edib.
Ən diqqətçəkən dəyişikliklərdən biri tikinti sektorunda qeydə alınıb. Bu sahədə real ifadədə 13 faiz azalma olub.
Eyni dövrdə nəqliyyat və anbar təsərrüfatında 8 faiz, informasiya və rabitə sahəsində 7.5 faiz, ticarətdə 3.7 faiz, turizmdə isə 2.4 faiz artım qeydə alınıb.
Kənd təsərrüfatında artım 2.2 faiz, sosial və digər xidmətlərdə 0.9 faiz, məhsula və idxala xalis vergilər üzrə isə 1.5 faiz təşkil edib.
ÜDM-in strukturunda ticarətin payı 10.6 faiz, nəqliyyat və anbar təsərrüfatının payı 7.3 faiz, sosial və digər xidmətlərin payı 22.2 faiz, kənd təsərrüfatının payı 5.9 faiz olub.