Yeni Günəşli qəsəbəsinin D massivində, 29 saylı binanın ərazisində içməli su xəttində baş verən qəza aradan qaldırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, 29-cu binanın yaxınlığında diametri 110 mm olan içməli su xəttində qəza baş verməsi barədə rayon sukanal idarəsinə məlumat daxil olub.
Suraxanı Rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ olaraq həmin ünvanda axıntının qarşısını alıb, su xəttində baş verən qəza tam aradan qaldırılıb.
Yeni Günəşli qəsəbəsinin D massivində, 29 saylı binanın ərazisində içməli su xəttində qəza baş verib. Qəza nəticəsində ərazidə su təchizatında problem yaranıb.
Baku TV-nin məlumatına görə, mövcud vəziyyət sakinlərin narazılığına səbəb olub.
Onların sözlərinə görə, ərazidəki su boruları ay ərzində təxminən 4-5 dəfə partlayır. Nəticədə içməli su saatlarla ətrafa axaraq israf olunur. Sakinlər bildirirlər ki, su borularının keyfiyyətsiz olması səbəbindən xətt tez-tez sıradan çıxır.
Onların sözlərinə görə, boru hər dəfə təmir olunsa da, problem köklü şəkildə həll edilmir. Su xəttində baş verən qəzalar ərazinin vəziyyətinə də mənfi təsir göstərib. Borudan axan su yolun ətrafında gölməçələrin yaranmasına səbəb olur. Davamlı su sızmasının torpağın yumşalmasına, çökmə və sürüşmə riskinin yaranmasına səbəb ola biləcəyi bildirilir.